Əsas Səhifə > Ölkə idmanı > “Komandada bir münaqişə var idi, onu da həll etdik” – Cavid Hüseynov

“Komandada bir münaqişə var idi, onu da həll etdik” – Cavid Hüseynov


23-10-2017, 12:57


Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın IX turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi öncə oyunla bağlı təəssüratlarını bölüşüb.

- Qələbə qazandığımıza görə sevinirik. Amma mövsümün ən yaxşı oyununu keçirmədik. Bu fikirlə razı deyiləm. Hələ çatışmayan cəhətlərimiz var.

- Əvvəlki oyunlara nisbətən meydanda daha yaxşı “Qəbələ” var idi...

- Yenə də razı deyiləm. Daha çox ikinci hissəyə görə bu fikirdəyəm. Çünki yenə müdafiədə oturduq. Uduzsaydıq, rəqiblə aramızda böyük xal fərqi yaranacaqdı. Ona görə nəticəyə oynadıq.

- Hər halda “Qarabağ” da elə rəqib deyil ki, onlara qarşı həm yaxşı oynayasan, həm də nəticə qazanasan...

- Əlbəttə. “Qarabağ” bu gün Azərbaycanın ən yaxşı formada olan komandasıdı.

- Bu qələbə komandada ruh yüksəkliyinə təsir edəcəkmi?


- Bu qələbə bizə hər şeyə sıfırdan başlamağa imkan verəcək. Xallar bərabərləşdi. Artıq hər şey öz əlimizdədi. Bundan sonra necə oynayacağıqsa, elə də nəticələr qazanacağıq. Bir dəfə fürsəti boşa verdik. İndi yenidən bu şansı yaxalamışıq. Gərək əldən verməyək.

- Ötən mövsüm daha çox zəif rəqiblərlə oyunlarda xallar itirirdiniz. Bu dəfə deyəsən taktikanı dəyişmisiniz. Əsas oyuna yox, nəticəyə fikir verirsiniz...

- Yox, biz qabaqcadan bunu hesablamırıq. Sadəcə, oyun elə gətirir ki, məcbur olub nəticəyə oynayırıq. Ötən il autsayderlərlə oyunlarda xal itirdiyimizə görə, çalışırıq ki, bu dəfə eyni səhvləri buraxmayaq. Amma 2 tur öncə evdə “Kəpəz”ə gözlənilmədən uduzduq. Yaxşı ki, bu məğlubiyyətin təsirindən tez çıxa bildik. Artıq xallar bərabərdi. Əhval-ruhiyyəni qaldıra bildik. Bundan sonra yaxşı olacaq.

- Özün də qeyd elədin ki, bu gün yaxşı oynamadınız. Ümumiyyətlə, komanda son turlarda yaxşı təsir bağışlamır. Problem nədədir? Eşitdiyimizə görə, legionerlərlə yerli futbolçular arasında soyuqluq var...

- Yox, elə bir şey yoxdur. Heç bir problem yoxdur. Sadəcə, bir münaqişə var idi ki, onu da həll etmişik. Bu barədə danışmağa ehtiyac yoxdur. Artıq Ruslanla Monrozun münasibətləri qaydasına düşüb. Hər şey yüksək səviyyədədir. Bu da bu gün meydanda özünü göstərdi.

- Bugünkü qələbədən sonra çox sevindiniz. Legionerlərlə qucaqlaşdınız. Sanki bununla göstərmək istəyirdiniz ki, artıq münasibətlər qaydasındadı...


- Həqiqətən də əladı. Mən hər ikisi ilə söhbət elədim. Bunlar bir saniyəlik əsəbiliyin səbəbi idi. Biz bura futbol oynamağa gəlmişik, dalaşmağa yox. Qol gücü yox, oyun nümayiş etdirmək lazımdır. Hər ikisi səhvini başa düşdü. İndi münasibətləri yaxşıdı.

Qol.az
Geri qayıt