Əsas Səhifə > Ölkə idmanı > “Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir
“Bakı Şəhər Halqası” yerli media nümayəndələri arasında multimedia müsabiqəsi keçirir6-12-2019, 14:57 |
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə yerli media nümayəndələri arasında multimedia müsabiqəsinə start verib. BŞH-dən BrendSport.az -a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının ölkəyə qazandırdığı avtoidman ənənəsi və mədəniyyətini hərtərəfli şəkildə işıqlandırmaqdır. Telereportaj, məqalə və foto olmaqla üç kateqoriya üzrə keçirilən multimedia müsabiqəsində yalnız yerli media nümayəndələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq multimedia işləri avtoidman, Formula 1 dünya çempionatı və ya Azərbaycan Qran-Prisi ilə bu və ya digər şəkildə əlaqəli olmalıdır. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələri üçün ilk dəfə bu səviyyədə irimiqyaslı bir müsabiqənin keçirildiyini bildirib: “Biz artıq ölkəmizdə 5-ci Formula 1 yarışının təşkilinə hazırlaşırıq. Bu, bizim üçün çox böyük uğurdur və bu baxımdan da çox qürurverici haldır. Qarşıdan gələn yarış mövsümünə hazırlıq çərçivəsində beşilliyimizlə bağlı keçirəcəyimiz tədbirlərin həm sayını, həm də əhatə dairəsini genişləndirmişik. İlk dəfədir ki, bizimlə sıx çalışan bütün media nümayəndələrini əhatə edəcək bir layihəyə start veririk. İnanıram ki, bu müsabiqədə hamı maraqla iştirak edərək ən gözəl işlərini təqdim etməyə çalışacaq”. Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 1-dən yanvarın 15-dək aparılacaq. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı multimedia məhsulunun çap olunmuş və ya yayımlanmış nüsxəsini elektron formada və mümkünsə müvafiq vebsəhifəyə keçidlə birlikdə media@bakugp.az email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər. Qəbul olunan multimedia işləri hər bir kateqoriya üzrə əvvəlcədən müəyyənləşdirilmiş 3 münsifdən ibarət heyət tərəfindən uyğunluq, kreativlik və aktuallıqla yanaşı, digər zəruri texniki göstəricilər üzrə qiymətləndiriləcək. Nəticələr gələn il yanvarın 31-də elan olunacaq və müsabiqənin qalibləri növbəti Formula 1 yarış mövsümü öncəsi baş tutacaq sınaq yürüşlərini izləmək üçün əməliyyat şirkəti hesabına Barselonaya göndəriləcəklər. İkinci və üçüncü yerlərin sahiblərinə isə dəyərli hədiyyələr təqdim olunacaq. Geri qayıt |