Əsas Səhifə > Ölkə idmanı > Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb18-03-2019, 23:30 |
Martın 18-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma memorandumu imzalanıb. BrendSport.az xəbər verir ki, sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar. Tədbirdə Komitənin fəaliyyəti barədə məlumat verən İ.Rəhimov ölkəmizdə fiziki məhdudiyyətli şəxslər üçün yaradılmış şəraitdən və paralimpiyaçılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Mayın 13-14-də Bakıda ilk dəfə təşkil olunacaq paracüdo üzrə beynəlxalq Qran-Priyə hazırlığın uğurla davam etdiyini bildirən AMPK-nın prezidenti deyib: “İstəyirik ki, mötəbər yarışda təkcə fiziki məhdudiyyətli idmançılarımız iştirak etməsin. Komitə olaraq fiziki məhdudiyyətli insanların təşkilatçılıq, əlaqələndirmə və könüllülər hərəkatına qoşulmasına imkan yaratmışıq. Bu, onların cəmiyyətə inteqrasiyası üçün ən gözəl addımlardan biridir”. Memorandumun əhəmiyyətini yüksək qiymətləndirən F.Hacıyev Akademiyada fəaliyyət göstərən magistr proqramları barədə məlumat verib. Rektor ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətinin məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. F.Hacıyev deyib: “Ölkəmizdə yüksək səviyyədə idman infrastrukturu yaradılıb. Nüfuzlu London Kollec Universitetinin (UCL) ekspertləri Azərbaycanda fəaliyyət göstərən idman qurğuları ilə tanışlıqdan sonra respublikamızdakı idman arenalarının funksionallığı ilə yanaşı, dizayn və arxitektura baxımından da Böyük Britaniyadakı obyektləri geridə qoyduğunu qeyd ediblər. Bu, bizim üçün böyük uğurdur”. Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir. Sənədə əsasən, AMPK Akademiyanın “İdman jurnalistikası” magistr proqramı ilə əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində magistr proqramının tələbələri komitənin tədbirlərinin, beynəlxalq və yerli yarışlarının işıqlandırılmasında fəal iştirak edəcəklər. Buraya paralimpiyaçı idmançıların “həyat hekayəsi” tipli videoçarxların hazırlanması, tədbirlərdə medianın operativ xəbərlərlə təmin olunması və media dəstəyi ilə bağlı digər məsələlər daxildir. Bu əməkdaşlıq sayəsində magistr proqramının tələbələri təcrübə qazanacaqlar. Eyni zamanda, ölkəmizdə paralimpiya hərəkatının təşviqi sahəsində də işlər görüləcək. Geri qayıt |