Əsas Səhifə > Ölkə idmanı > Vaqif Sadıqov Elxan Məmmədova qarşı

Vaqif Sadıqov Elxan Məmmədova qarşı


22-01-2019, 10:26


Yanvar bitir, Avro-2020-nin seçmə mərhələsi qapıdadı, amma milli komandamızın yeni baş məşqçisi hələ də bəlli deyil. AFFA çox gecikib və buna görə kimsə cavab verməlidi. Namizədlərin müəyyənləşdirilməsinin tapşırıldığı katiblik hər hansı açıqlama vermir, bu isə təşvişi bir qədər də artırır.

BrendSport.az saytı futbolinfo.az-a istinadən bildirir ki, vəziyyət o həddə çatıb ki, artıq Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da dilə gəlib. Onun sport7.az-a açıqlamasından narahat olduğu görünür. Və sabiq məşqçi buna görə hədəf göstərir, günahkar axtarır: "Millinin baş məşqçisi ilə bağlı yenilik yoxdu. Deyə bilmərəm düyün nöqtəsi nədi. Onu bu işlə məşğul olan adamlar bilər. Həmişə demişəm ki, bu ayın sonuna qədər nöqtə qoyulsun. Biz də bilək ki, yeni baş məşqçi kimdi. Çünki çempionat başlayır. Oyunları da izləmək lazımdı. İndi komandalar Antalyadadı. Yanvarda təyinat olarsa, fevralda oyunları izləmək lazımdı. Daha sonra yığmanın oyunlarına hazırlıq başlamalıdı. Siz də, biz də, hamımız bunu başa düşürük. Namizədlər həmişə var. Tapşırıq verilibsə, hansısa namizədlərlə danışıq aparılması normal haldı. Amma kimdi, nəçidi - bu haqda məlumat verilmir. Bunu bizə deməzlər axı. Ona görə bu dəfə də səbr edək. Nə edək, vəziyyət belədi. Heç olmasa, yanvarın sonuna qədər cizgilər açılmalıdı. Peşəkar yanaşsaq, çempionat başlayır. İlk oyunda yeni baş məşqçi olmalıdı. Düzdü, yanvar ayında yeni baş məşqçi Antalyada komandalarla tanış olmalı idi. Amma alınmayıbsa, ən azı fasilədən sonrakı ilk turda oyunlara baxmalıdı. İnşallah ayın sonuna qədər xəbər çıxar. Daha sonra müzakirə edərik".

Sadıqov faktiki öz yaxasını kənara çəkir və “Onu bu işlə məşğul olan adamlar bilər” deyir. Birbaşa katibliyi, baş katib Elxan Məmmədovu nişan verir. Ardınca ən doğrusunu deyərək, təyinatın gecikməsinin fəsadlarını sadalayır. Bircə onu demir ki, bizi bu problemlər gözləyir və yeganə günahkar da Elxan Məmmədovdu.

Vaqif bəy özünün nüfuzsuz, rəhbərlik etdiyi qurumun isə qondarma olduğunu da etiraf edir: “Amma kimdi, nəçidi - bu haqda məlumat verilmir. Bunu bizə deməzlər axı”. Təkcə bu sitat utanmaq üçün kifayət etməlidi. Yəni Sadıqov daxil olmaqla, ölkənin təcrübəli məşqçilərinin yığışdığı komitə millinin baş məşqçi postuna namizədləri bilmək səlahiyyətində deyil. Onlar uzaqbaşı aşağı yaş qruplarından olan millilərə təklif olunanlarla bağlı hansısa müzakirədə iştirak edə bilərlər. Necə ki, Milan Obradoviçin U-21-ə təyinatı birbaşa Məşqçilər Komitəsinin adı ilə bağlandı.

Əsas milli komanda ilə bağlı vəziyyət isə fərqlidi və Sadıqov yeni gələnin onsuz da uğursuz olacağını bildiyindən bu açıqlama ilə həm də özünü sığortalayır. O, namizədlərdən xəbərinin olmadığını deməklə məsuliyyəti katibliyin boynuna qoyur ki, sabah nəticələr pis olanda da özlərindən hesabat istəyən olmasın. Vaqif bəy açıq kartla öz oyununu oynayır və özünü qoruyur.

Sadıqovun dediklərində yalan yoxdu. Həqiqətən də məşqçi seçimində ciddi yubanma var. Səbəbləri bilmirik, yəqin AFFA buna aydınlıq gətirər. Lakin Vaqif bəyin susqun qalmayıb, açıq danışması özü maraqlıdı. Həmişə Elxan Məmmədovun istədiyi vaxtda və istədiyi tərzdə açıqlama verməsinə öyrəşdiyimiz sədrdə bu cəsarət hardandı? AFFA susursa, danışıqlar davam edirsə, Vaqif bəy də assosiasiyanın bir qurumunun rəhbəri kimi danışmamalıydı, yox, danışmağa başlayıbsa, deməli, katiblikdən o da narazıdı.

Tezliklə İsgəndər Cavadov, Rauf Əliyev də danışacaq. Lazım olanda ağaların istədiyi kimi, ağaların işi çətinə düşəndə özləri bildiyi formada danışan bu üçlük elə bu məharətləri sayəsində daim iş başında olublar. Zirvədə olana tərif deməyi, büdrəyənə, ayağı azacıq dolaşana badalaq vurmağı vərdiş edənlər buna görədi ki, AFFA-ya kimin rəhbərlik etməsindən asılı olmayaraq, daim vəzifədə qalıblar. İndi milli ilə bağlı problemli vəziyyətdi və Sadıqov özünü ifşa etməyə başladı...

FƏRİD

P.S.: Bir neçə gün öncə həmin Sadıqov bəyan etmişdi ki, U-16, U-18 və U-20 milliləri ləğv olunacaq. Dünən isə AFFA-nın mətbuat katibi Firuz Abdulla matça.az-da bu xəbəri yalanlayıb. Ya Vaqif bəy təxribatla məşğuldu, ya da həqiqətən komitədə yalnız maaş almaq üçün əyləşib, heç nədən xəbəri yoxdu.

Geri qayıt