Əsas Səhifə > Ölkə idmanı > Gimnastika üzrə Bakıda keçiriləcək dünya kubokunda səkkiz Olimpiya mükafatçısı iştirak edəcək

Gimnastika üzrə Bakıda keçiriləcək dünya kubokunda səkkiz Olimpiya mükafatçısı iştirak edəcək


19-01-2019, 19:46


Fevralın 16-17-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının iştirakçıları müəyyənləşib. Otuz bir ölkədən 200-ə yaxın atletin qatılacağı yarışda ən titullu gimnastların iştirakçılar arasında olması artıq bütün diqqətləri bu yarışa cəlb edib.

Azərbaycan Gimnastika Federasiyasından BrendSport.az -a bildiriblər ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan dünya kuboku yarışlarında Olimpiya Oyunlarının qalibi və mükafatçıları Vladislav Qonçarov (Belarus), Maklennan Rosannah, Burnet Ceyson (hər ikisi Kanada), Donq Donq, Qao Ley (hər ikisi Çin), Dmitri Uşakov (Rusiya) və Brioni Peyc (Böyük Britaniya) mübarizə aparacaqlar.

Bakı tamaşaçısı ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcək. Təkcə Olimpiya Oyunlarının yox, bir çox dünya və Avropa çempionatlarının medalçılarının da yer alacaqları kubok yarışı rəqabətin ən yüksək səviyyədə olacağını deməyə əsas verir.
Geri qayıt