Əsas Səhifə > Ölkə idmanı > Əməkdar məşqçi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika turnirinin qalibləri müəyyənləşib
Əməkdar məşqçi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika turnirinin qalibləri müəyyənləşib24-12-2018, 15:31 |
“AAAF” Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçirilib. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) BrendSport.az-a bildiriblər ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. İlk olaraq yarışa qadınlar start verib. Gərgin idman mübarizəsi şəraitində keçən qadınların mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kiloqram (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kiloqram (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kiloqram (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutublar. Daha sonra yarışın açılış mərasimi keçirilib. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə söz ilk olaraq Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. O, hər kəsi salamlayıb və yarışın təşkilatçılığı barədə müsbət fikirlər söyləyib: “Artıq ikinci dəfədir ki, atam Hacıbaba Əskərovun xatirəsi bu cür yüksək səviyyədə qeyd olunur. Ötən il də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və AAAF birlikdə 100 illik yubiley tədbiri və ilk xatirə turnirini təşkil etmişdilər. İndi də bu yarış növbəti dəfə keçirilir. Mən, bütün ailəmiz adından buna görə təşkilatçılara, əziyyəti olan hər kəsə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Atam ömrünü ağır atletika idmanına həsr edib və belə yarışın təşkili onun ruhunu şad edir. Ümid edirəm ki, iştirakçı idmançılar da, belə yarışlarda təcrübə toplayaraq qarşıdakı beynəlxalq turnirlərdə qələbələr qazanacaq, ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bir daha hər kəsə təşəkkür edirəm”. Daha sonra AAAF-ın baş katibi Rizvan Rəsulov turnirin əhəmiyyəti barədə danışıb: “Artıq ikinci dəfədir bu yarış yüksək səviyyədə təşkil olunur. Hacıbaba Əskərovun həyat və fəaliyyəti, onun ağır atletikanın inkişafında rolu barədə hamımız bilirik. O, istər məşq prosesində, istərsə də işin elmi tərəfində böyük irəliləyişlərə nail olmuş, gətirdiyi yeniliklərlə hazırkı Azərbaycan ağır atletikasının uğurlarına təkan verən şəxslərdən biri olmuşdur. Bu yarış bizə həm onun xatirəsini yad etmək, belə şəxsiyyətlərin varlığı barədə gənc nəsli məlumatlandırmaq, həm də idmançılarımıza təcrübə qazandırmaq imkanı verir”. “2018-ci il bizim üçün uğurlu keçib. Avropa və dünya birinciliklərində, həmçinin Yeniyetmələrin Olimpiya Oyunlarında atletlərimiz 35 medal əldə etməyi bacarıblar. Onlar komanda hesabında Avropa birincisi olmağı bacarıblar. Həmçinin yaxınlarda Misir və Qətərdə keçirilən lisenziya xarakterli Qran-Pri yarışlarında da uğurlara nail olmuşuq. Qarşıda bizi həm təsnifat yarışları, həm də Tokio Olimpiya Oyunlarının özü gözləyir. 2019-cu il bu baxımdan çox yaxşı sınaq ili olacaq. Bütün idmançılarımız və məşqçilərimizə uğurlar arzulayıram”, - deyə R.Rəsulov əlavə edib. Açılış mərasimindən sonra yarış kişilərin mübarizəsi ilə davam edib. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kiloqram (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kiloqram (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kiloqram (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar. Sonda körpücük üzərinə ustadlar çıxıblar. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb. O, toplam 169 kiloqram (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kiloqram (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kiloqram (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əsgərovun həyat yolunun və idman fəaliyyətinin gənc idmançılar arasında təbliği, ağır atletikanın inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır. Geri qayıt |