Əsas Səhifə > Ölkə idmanı > AFFA rəsmiləri milli komandanın üzvləriylə görüşdü

AFFA rəsmiləri milli komandanın üzvləriylə görüşdü


17-12-2018, 11:13


AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin heyəti və texniki direktor Bernhard Lippert Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

BrendSport.az AFFA-ya istinadən xəbər verir ki, baş katib Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov millini Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Futbolçulara məlumat verilib ki, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. U-19-un üzvləri təcrübəli mütəxəssisi bununla əlaqədar təbrik ediblər.

Həmçinin, bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə komandanın məqşçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub və qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək. Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.

U-19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu ildə Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də Rusiya, 23-də İrlandiya, 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.
Geri qayıt