Əsas Səhifə > Ölkə idmanı > Bütün oyunlar Bakıda olacaq

Bütün oyunlar Bakıda olacaq


15-09-2017, 10:55


Sabah Azərbaycan Premyer Liqasında V tura start veriləcək. İki gün davam edəcək tura Bakıda start veriləcək. Ümumiyyətlə, turun bütün matçları paytaxtda baş tutacaq.

Turun mərkəzi görüşü sayıla biləcək matçda “İnter” “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlinin ortababları liderlərə yaxınlaşmaq üçün 3 xal qazanmağa çalışacaq.

Ardıcıl 2 qələbə qazanan Zaur Svanadzenin yetirmələri mövqeyini yaxşılaşdırmaq üçün seriyasını davam etdirməlidi. Paytaxt təmsilçisi heç-heçə ilə də indiki yerini qorumuş olacaq. Samir Abasovun komandası isə ən azı rəqibini keçmək üçün qalib gəlməlidi.

İlk oyun gününə paytaxt derbisi ilə yekun vurulacaq. Çempionatın lideri “Zirə” Azərbaycanın ən titullu klubu “Neftçi”nin qonağı olacaq.

Tarixinin ən ağır dövrünü yaşayan “ağ-qaralar” yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında ilk matçına çıxacaq. “Neftçi” həm “Zirə” sindromunu qırmalı, həm “qara zolaq”dan qurtulmalıdı. Məsələ ondadı ki, cari mövsüm qələbə həsrətində olan komanda çempionat oyunlarında qəsəbə klubuna qalib gələ bilmir.

Ayxan Abbasovun yetirmələri isə uğurlu seriyasını davam etdirməyə çalışacaq. Startda 4 məğlubiyyətsiz matç keçirən və hər oyunda qol vuran “Zirə” zirvədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi.

Zirəlilərin xal itkisi lider dəyişikliyinə səbəb ola bilər. Çünki ikinci oyun günündə meydana çıxacaq “Qarabağ” paytaxt klubundan cəmi 1 xal geri qalır. Öz meydanında autsayder “Kəpəz”i sınağa çəkəcək ağdamlıların qələbəsi isə labüd görünür.

Çempionlar Liqasında “Çelsi”dən 6 cavabsız qol buraxan Qurban Qurbanovun yetirmələri azarkeşlərini qələbə ilə sevindirməlidi. Ötən turun “Səbail”lə görüşü təxirə salındığından ağdamlılar 22 gündən sonra Premyer Liqa matçına çıxacaq.

Qərblilər isə çempionatın potensial liderini büdrətmək arzusundadı. Xal itirməyən beşqat çempion önünə çıxacaq Şahin Diniyevin yetirmələri sensasiya axtarışında olacaq.

Tura debütantın oyunu ilə yekun vurulacaq. “Səbail” öz meydanında “Qəbələ”ni sınağa çəkəcək. Meydan sahiblərini xal hesabını artırmaqla autsayderlərdən uzaqlaşmaq niyyətindədi.

Roman Qriqorçukun yetirmələri isə ardıcıl iki oyun xal itirdikdən sonra mütləq qələbə qazanmalıdı. Əyalət təmsilçisi bunu bacarmasa, liderlərlə xal fərqi böyüyə bilər. Amma “qırmızı-qaralar”ın zirvəyə yüksəlməyə də nəzəri şansları var. Bunun üçün həm “Zirə”, həm “Qarabağ” uduzmalıdı.

Topaz Premyer Liqası

V tur

16 sentyabr (şənbə)


16:30. “İnter” – “Sumqayıt”
“İnter Arena”

19:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu

17 sentyabr (bazar)

18:30. “Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika stadionu

21:00. “Səbail” – “Qəbələ”
“Dalğa Arena”



Bombardir: Mahir Mədətov (“Qarabağ”) – 3.

Apasport
Geri qayıt