Əsas Səhifə > Ölkə idmanı > Ağır Atletika üzrə Azərbaycan kuboku yarışları başa çatıb

Ağır Atletika üzrə Azərbaycan kuboku yarışları başa çatıb


18-11-2018, 20:23


Noyabrın 30-da Şüvəlandakı Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku yarışları başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az-a bildiriblər ki, yarışın sonuncu günündə körpücük üzərinə 89, 96, 102, 109 kiloqram və 109 kiloqramdan yuxarı çəki dərəcələrində kişi idmançılar çıxıblar.

Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan kubokunun qalibi adını qazanıblar.

Azərbaycan kuboku yarışlarının keçirilməsində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir. Turnirdə şəhər və rayonların, idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq-Gənclər İdman mərkəzlərinin dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti qüvvəsini sınayır.

Xatırladaq ki, turnirin birinci günündə körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kiloqram (78+93) nəticə və 233,29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kiloqram (72+92) nəticə və 213,11 xalla Firuzə İbrahimova çıxıblar.

Kişilərdən isə ilk olaraq 49, 55 və 61 kiloqram çəki dərəcələrində atletlər qüvvələrini sınayıblar. Bu çəki dərəcələrində müvafiq olaraq, Əvəz Tağıyev (toplam 152 kiloqram), Ömər Cavadov (198 kiloqram) və Elməddin Hüseynov (228 kiloqram) qalib olublar. 67 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişilərin yarışında Məhəmməd Məmmədli (67 kiloqram) toplam 267 kiloqram (116+151) nəticə ilə qızıl medala sahib çıxıb. Ondan cəmi 1 kiloqram geri qalan Rüstəm Qasımov (120+146) gümüş medal əldə edib. Fəxri kürsünün üçüncü pilləsinə isə 255 kiloqram (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb. Paşa İbrahimli (73 kiloqram) isə toplam 291 kiloqram (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə toplam 260 kiloqram (120+140) nəticə ilə Füqan Əliyev, üçüncü yerdə isə 248 kiloqram (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıblar. Kişilər arasında 81 kiloqram çəki dərəcəsində isə Kənan Əliquliyev 290 kiloqram (130+160) nəticə ilə qızıl medala sahib çıxıb. İsmayıl Baxışov 249 kiloqram (111+138) nəticə ilə gümüş, Həmid Qocayev isə 248 kiloqram (118+130) göstərici ilə bürünc medala sahib olub.
Geri qayıt