Əsas Səhifə > Ölkə idmanı > "Neftçi" "Qarabağ"a qalib gələrək zirvədəki yerini qorudu

"Neftçi" "Qarabağ"a qalib gələrək zirvədəki yerini qorudu


28-10-2018, 19:07


Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.

İlk oyun günündə iki qarşılaşma keçirilib. Turun ilk matçında “Sabah”la “Zirə” üz-üzə gəlib. Zirvədə qərarlaşan “Qarabağ”la “Neftçi”nin təqibini davam etdirən “Sabah” “zirzəmi”dən boylanan “Zirə” ilə görüşdə daha şanslı görünürdü. Amma Samir Abasovun komandası da bu oyunda ən azı heç-heçə etmək arzusundaydı. Üç qolun qeydə alındığı qarşılaşma, ilk dövrədə olduğu kimi, debütantın xeyrinə başa çatıb.

Günün son matçı daha çox maraq doğururdu. Son turda öz meydanında “Neftçi”yə “futbol dərsi” keçən “Qəbələ” bu dəfə AFFA-dan maliyyələşən başqa bir komanda ilə - “Sumqayıt”la qarşılaşıb. “Qırmızı-qaralar” artıq özlərinə gəlibdirsə, “kimyaçılar”ın bu oyunda qələbə qazanmaq şansı çox az idi. Lakin meydan sahibləri matçın əvvəlindəcə iki qol vurmaqla əla şans əldə etdilər. Buna baxmayaraq, "Qəbələ" özündə güc taparaq, məğlubiyyətdən yaxa qurtarmağı bacarıb.

Turun qalan iki oyunu bazar günü keçirilib. İkinci oyun günündə meydana əvvəlcə “Səbail”lə “Keşlə” çıxıb. Cari mövsümdə artıq iki dəfə rəqiblərinin texniki məğlubiyyət alması ilə hesabına 5 xal yazdıran “Səbail”in “Keşlə” önündə necə təsir bağışlayacağı maraq doğururdu. Bu komandaların potensialı, gücü demək olar ki, eyni idi. Paytaxt klublarının duelində ilk dövrədə olduğu kimi, yenə "Səbail" 2:1 hesabıyla qalib gəlib.

Şübhəsiz ki, bu turda bütün diqqətlər “Neftçi” - “Qarabağ” görüşünə yönəlmişdi. “Qəbələ”yə məğlubiyyət göstərdi ki, “Neftçi”nin cari mövsümdə qazandığı qələbələr də, zirvədə yer alması da aldadıcıdı. “Ağ-qaralar” qələbələrin çoxunu “qardaşlar”ı - özü kimi AFFA-nın cibinə baxan komandalar üzərində qazanmışdı. Amma “Neftçi”nin bu oyunda köməyinə bir şey çata bilərdi - “Qarabağ” Avropa Liqasında “Vorskla” ilə çətin qarşılaşmadan çıxmışdı, üstəlik, məğlubiyyətin yaratdığı psixoloji gərginlik, üzüntü də vardı. Ancaq əksi də ola bilərdi, “köhlən atlar” “Vorskla” məğlubiyyətinin əvəzini “Neftçi”dən çıxa bilərdi. İstənilən halda, bu oyunu izləməyə dəyərdi! Qarşılaşma qonaqlar üçün yaxşı başlamayıb. Ağdam klubu öncə avtoqolla məğlub duruma düşüb. Az sonra "Neftçi" daha bir qol vurub. Qonaqlar matçın sonlarında fərqi azaltsalar da, paytaxt klubu dərhal üçüncü qolu da vurmaqla inamlı qələbəsini rəsmiləşdirib 3:1.

Sabah - Zirə 2:1
Qollar: Məqsəd İsayev, 45+1. Cavid İmamverdiyev, 90+2 - Tellur Mütəllimov, 73.

Sumqayıt - Qəbələ 2:2
Qollar: Şəhriyar Əliyev, 7; 19 - Stiven Monroz, 41. Atakora Lalavele, 56.

Səbail - Keşlə 2:1
Qollar: Yevgeni Koçuk, 24-pen. Fəhmin Muradbəyli, 29 - Denis Silva, 90+2

Neftçi - Qarabağ 3:1
Qollar: Abbas Hüseynov, 10-öz qapısına. Mirabdulla Abbasov, 25. Baqali Dabo, 88 - Mahir Mədətov, 85
Geri qayıt