Əsas Səhifə > Ölkə idmanı > AFFA-dan klublara cəza yağdı
AFFA-dan klublara cəza yağdı23-10-2018, 15:28 |
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasında yaşanan xoşagəlməz halları müzakirə edib. Yığıncaqda qalmaqallarla bağlı sərt qərarlar qəbul olunub. "Baku” – "Şahdağ” matçının 38-ci dəqiqəsində qonaqların futbolçusu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət edib. Bu üzdən də onun 3 oyun cəzalanması məqsədəuyğun sayılıb. "Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb. "Baku” azarkeşləri meydana və rəqib komandanın futbolçularına yad əşya atdıqlarına görə klub 3 oyunu azarkeşsiz keçirəcək. Paytaxt təmsilçisinə xəbərdarlıq da olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə klubu daha ağır cəza gözləyir. "Kürmük” – "Şəki” oyunu da qalmaqalla nəticələnib. Matç başa çatdıqdan sonra "Kürmük”un futbolçuları Surxay Mikayılovla Ramin Hacıyev və "Şəki”nin oyunçuları Süleyman Məmmədovla Nəriman İmayətov təhqiredici ifadələr və aqressiv davranış, kütləvi dava-dalaşda iştirak edib. Hər bir futbolçu 9 oyun cəzalanıb. "Kürmük” növbəti 3 ev oyunu neytral meydançada və azarkeşsiz keçiriləcək. Həmçinin bu komandaların cavab matçı olacaq "Şəki” – "Kürmük” matçı azarkeşsiz baş tutacaq. Həmçinin "Kürmük” klubuna xəbardarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə klub yarışlardan kənarlaşdırılacaq. "Gənclik” (Sabirabad) – "Şamaxı” matçı başa çatdıqdan sonra qonaqların futbolçusu Vüqar Süleymanov hakimi təhqir etdiyi üçün 4 oyun cəza alıb. "Gənclik” İK (Bakı) – "Şirvanovka” (Qusar) matçında da hakim təhqir olunub. "Gənclik” klubunun futbolçusu Ələkbər Muradov buna görə 4 oyun cəzalanıb. Geri qayıt |