Əsas Səhifə > Ölkə idmanı > “Kukesi”-“Qarabağ” oyunu -
“Kukesi”-“Qarabağ” oyunu -26-07-2018, 12:02 |
Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinə səfər heç-heçəsi ilə başlayıb. Albaniyada “Kukesi” ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri cütün taleyini avqustun 1-də aydınlıq gətirməli olacaq. Klublarımızın avrokuboklardakı ilk oyununda səfərdə 0:0 hesablı heç-heçə etməsi ilk belə hal deyil. Tarixə nəzər salsaq, Albaniyadakı sülh 4-cü belə nəticədi. Bunadək üç dəfə Azərbaycan klubları səfərdəki qolsuzluqdan sonra rəqibini evdə qəbul edib. Əvvəlki üç belə durumdan ikisində təmsilçimiz “Qarabağ” olub. Ağdam klubu 2009-cu ildə Avropa Liqasında Norveçdə “Rusenborq”la sülh bağlayıb. Qurbanovun yetirmələri evdəki qarşılaşmada minimal hesabla qalib gəlməyi bacarıb. 2016-cı ildə isə “Qarabağ” səfərdəki “0”lardan yararlana bilməyib. Çexiyada “Viktoriya” ilə bərabərə qalan ağdamlılar Bakıda da heç-heçəyə imza atıb – 1:1. Rəqib meydanında vurulan qol çexiyalıların lehinə işləyib. “Qarabağ”a tanış olan duruma düşən digər komanda “Xəzər Lənkəran”dı. Cənublular 2010-cu ildə Avropa Liqasında eyni vəziyyətə düşüb. Moldovada “Olimpiya” ilə qolsuz ayrılan “Xəzər Lənkəran” kifayət qədər zəif rəqibini keçə bilməyib. Evdəki 1:1 hesablı heç-heçə cənublular üçün məğlubiyyətə bərabər olub. Beləliklə, 3 dəfə səfərdə qolsuz heç-heçə edən komandalarımız yalnız 1 dəfə mərhələ keçib. “Qarabağ” isə iki belə durumun birindən üzüağ ayrılıb. Bu arada "Kukesi"nin müdafiəçisi Simon Rumbullaku oyundan sonra jurnalistlərlə fikirlərini bölüşüb: "Rəqibin güclü komanda olduğunu bilirdik. Ona görə də "Qarabağ"dan bu cür oyun gözləyirdik. Onların qeyri adi bacarığa malik futbolçuları var. Taktiki planda ideal oynadıq. Rəqibin ikinci hissədəki təzyiqini xatırlayıram. Nötəci önəmlidir. Düzdür, hücumda elə də yaxşı deyildik, ancaq müdafiədə əla oynadıq. Bir səhv hər şeyi məhv edə bilərdi. Buna baxmayaraq, meydanda hamı ən yaxşı oyununu göstərdi, bütün bacarığını ortaya qoydu və heç bir mübarizədən çəkinmədi. Bütün heyət və işçi qrupu bu nəticəyə layiq idi. Cavab matçına daha yaxşı hazırlaşmalıyıq". Bir həftə sonra Bakıda keçiriləcək cavab matçı barədə də danışan Rumbullaku həmin oyunda da müdafiədə diqqətli oynamalı olduqlarını söyləyib: "İndiki formamızı qorumağa çalışırıq. Əgər belə oynasaq, şansımız olacaq. İşin yarısını görmüşük. Ancaq müdafiədə diqqətli olmalıyıq. Çünki "Qarabağ" göstərdi ki, çox təhlükəli komandadır". Qeyd edək ki, "Qarabağ"la "Kukesi" arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək. Geri qayıt |