Əsas Səhifə > Ölkə idmanı > Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək


Bu gün, 22:04


Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında ilk dəfə voleybol festivalı keçiriləcək.

BrendSport.az
xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə baş tutacaq festival “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında təşkil olunacaq.

Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan festival müxtəlif idman və əyləncə proqramlarını özündə birləşdirəcək.

Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçiriləcək, həmçinin dostluq oyunu təşkil olunacaq. 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri keçiriləcək, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil ediləcək. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Festivalın xüsusi məqamlarından biri “Gəncə” klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olacaq. Komandanın yeni mövsüm üçün formalaşdırılan heyəti azarkeşlərə təqdim ediləcək.

İştirakçılar və azarkeşlər sevimli voleybolçuları ilə görüşərək onlardan avtoqraf ala, xatirə şəkilləri çəkdirə və günün xoş anlarını bölüşə biləcəklər. Eyni zamanda, festivalın rəngarəngliyini artırmaq məqsədilə fləş-mobun keçirilməsi də nəzərdə tutulur.

Voleybolu, musiqini və əyləncəni bir araya gətirəcək festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunacaq.
Geri qayıt