Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq


Bu gün, 13:03


Cari mövsümdən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) klubların maliyyələşdirilməsi üzrə yeni model tətbiq olunacaq.

BrendSport.az
xəbər verir ki, yeni yanaşmanın əsas məqsədi ölkə basketbolunun keyfiyyətinin artırılması, klublar arasında rəqabətin gücləndirilməsi və azarkeşlərin oyunlara marağının artırılmasıdır.

Yeni modelə əsasən, ABL-də iştirak edən bütün klublara mövsümün əvvəlində şərtsiz olaraq 300 min manat maliyyə dəstəyi göstəriləcək. Bununla yanaşı, əlavə vəsaitlər komandaların nəticələrindən, pley-off mərhələsindəki göstəricilərindən və azarkeş sayından asılı olacaq.

Belə ki, hər oyuna azı 300 azarkeş cəlb edən klub hər matç üçün əlavə 3 min manat maliyyə əldə edəcək. Mövsüm ərzində 21 oyunda bu şərti yerinə yetirən klubun əlavə gəliri 63 min manat təşkil edə bilər.

Qazanılan hər qələbəyə görə kluba 10 min manat bonus veriləcək. Komandalar mövsüm ərzində bu istiqamətdə 210 min manata qədər əlavə maliyyə qazana bilərlər.

Pley-off mərhələsinin yarımfinalına vəsiqə qazanan 4 klubun hər birinə 150 min manat maliyyə dəstəyi ayrılacaq.

Çempionatı ikinci pillədə başa vuran komandaya 700 min manat, ölkə çempionuna isə 1,4 milyon manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılsa da, vəsaitlərin bölüşdürülməsi artıq zəmanətli ödənişlərə deyil, klubların performansına və müəyyən edilmiş şərtləri yerinə yetirməsinə əsaslanır.

Geri qayıt