Əsas Səhifə > Ölkə idmanı > Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıbBu gün, 14:49 |
![]() Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. BrendSport.az xəbər verir ki, final qarşılaşmasında “Cahan MFK”ı 6:5 hesabı ilə məğlub edən “Prestij MFK” turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilmiş final qarşılaşması Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. “Cahan MFK” və “Prestij MFK” arasında həlledici görüş gərgin və bolqollu mübarizə şəraitində keçib. Qələbə sayəsində “Prestij MFK” eyni zamanda Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi 2026/2027 mövsümü Azərbaycan Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər. Mükafatlandırma mərasimində turnirin qalibi “Prestij MFK”ya kuboku Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib. Qeyd edək ki, iyulun 14-sentyabrın 15 tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub. Turnirin üçüncü yeri uğrunda görüşdə “XOK MFK” texniki qələbə qazanaraq bürünc medala sahib olub. Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. “Araz Naxçıvan”ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, “Cahan MFK”nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu, Samir Kərimov isə ən məhsuldar futbolçusu seçilib. ![]() ![]() ![]() ![]() Geri qayıt |