Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda qış idman növləri inkişaf etdiriləcək
Azərbaycanda qış idman növləri inkişaf etdiriləcəkBu gün, 20:11 |
![]() Sentyabrın 10-da Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) ilə Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) əməkdaşlığı çərçivəsində ölkəmizdə qış idman növlərinin inkişafına dair ikigünlük seminarın açılışı baş tutub. BrendSport.az xəbər verir ki, açılış tədbirində Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və FIS-in baş katibi Urs Lehmann çıxış ediblər. Fuad Nağıyev qış idman növlərinin inkişafı üçün mövcud potensialı reallaşdırmaq, idmançı və mütəxəssislərin inkişafını dəstəkləmək, eləcə də Azərbaycanın beynəlxalq qış idmanları sistemində mövqeyini gücləndirmək istiqamətində irimiqyaslı işlər görüldüyünü, ötən il FIS-lə Dövlət Turizm Agentliyi arasında müqavilə bağlandığını və əməkdaşlığın növbəti illərdə davam etdiriləcəyini qeyd edib. FIS-in baş katibi Urs Lehmann ölkəmizin qış idman yarışlarının keçirildiyi beynəlxalq destinasiya kimi formalaşdığını, Azərbaycanla olan əməkdaşlıq çərçivəsində keçirilən bu seminarın mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətləri üzrə vahid baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Seminarda Azərbaycanda qış idman növlərinin mövcud vəziyyəti, inkişaf imkanları və bu istiqamətdə vahid strateji yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda sahənin inkişafında iştirak edən əsas tərəflərin əməkdaşlığının gücləndirilməsi, idmançı, məşqçi və hakim hazırlığının təkmilləşdirilməsi, xizək məktəbləri və idman klublarının fəaliyyətinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrinin prosesə cəlb olunması, eləcə də mövcud infrastrukturun və gələcək ehtiyacların qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Seminarın nəticələri əsasında Azərbaycanda qış idman növlərinin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Geri qayıt |