Əsas Səhifə > Ölkə idmanı > "Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb
"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıbBu gün, 18:00 |
![]() Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışına yekun vurulub. BrendSport.az xəbər verir ki, Bakıdan başlayıb Xankəndi şəhərində yekunlaşan yarış incəsənət ustalarının konsert proqramı ilə başa çatıb. Sonuncu, 5-ci yarış günündə iştirakçılar Tərtər-Ağdam-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə 181,5 km məsafə qət ediblər. Ağır dağ mərhələsi İspaniyanın “Burgos Burpellet PH” pro-kontinental komandasının velosipedçisi Coş Barnetin solofinişi ilə yadda qalıb – o, 4 saat, 16 dəqiqə, 35 saniyə göstərici ilə hamını qabaqlayıb. Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının üzvü Henok Mulubrhan 4-cü mərhələdə olduğu kimi, bu dəfə də 2-ci olub. İlk üçlüyü “Burqos Burpellet PH” klubunun digər velosipedçisi Erik Antonio Faqundes tamamlayıb. Sonuncu mərhələ həm də ümumi təsnifatın liderinin dəyişməsi ilə yadda qalıb – günün qalibi Coş Barnet yarışın lider idmançısına verilən mavi köynəyə sahib çıxıb. Ümumi təsnifatda 2-ci yeri “XDS Astana”nın üzvü Henok Mulubrhan, 3-cü yeri isə İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun təmsilçisi Aleksandr Balmer tutub. Henok Mulubrhan sonuncu mərhələdəki çıxışı ilə “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi də qazanıb. Belçikanın “Tarteletto-İzorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxlayıb. Yarışın ən yaxşı komandası adını “Burqos Burpellet PH” pro-kontinental klubu qazanıb. Digər pro-kontinental kollektivlər “Bardiani CSF 7 Saber” (İtaliya) və “Equipo Kern Pharma” (İspaniya) müvafiq olaraq 2-ci və 3-cü olublar. Fərqlənən velosipedçilərə mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov, federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim ediblər. Geri qayıt |