Əsas Səhifə > Ölkə idmanı > “Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb


Bu gün, 15:30


Martın 17-də “Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BrendSport.az
xəbər verir ki, imzalanma mərasimi “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və sərgi salonunda keçirilib.

Memorandumu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl imzalayıblar.

Sənəddə Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri ilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, “Qarabağ” klubunun brend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasının yaradılması, istehsalı və satışı üzrə tərəflər arasında əməkdaşlığın əsas prinsipləri müəyyən olunub. Anlaşma memorandumu tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın qurulması kimi vacib addımları dəstəkləyir.

Bundan sonra hər iki tərəf “Qarabağ” futbol klubunun rəsmi atributlarını, Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentləri, eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementləri özündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onların çeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğun məhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilən məmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətinin müəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram və layihələrin həyata keçirilməsi və tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər.

Çıxışlar zamanı həm Emin Məmmədov, həm Tahir Gözəl milli irsimizin qorunması, xalçaçılıq sənətinin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduqlarını bildiriblər.

Əməkdar incəsənət xadimi Emin Məmmədov xüsusi vurğulayıb ki, “Azərxalça” ASC həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən bütün tədbir və sərgilərdə Qarabağ xalçalarını və ümumilikdə mədəniyyətini təbliğ edir. Bildirilib ki, öz növbəsində “Qarabağ” futbol klubu da "Qarabağ" adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. “Qarabağ” futbol klubunun Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir. Klub hazırda Cənubi Qafqazın futbol lideri hesab olunur.





AZƏRTAC
Geri qayıt