Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Voleybol Federasiyası ilə MÜTDA arasında əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Voleybol Federasiyası ilə MÜTDA arasında əməkdaşlıq görüşü keçirilib


Bu gün, 13:17


Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) nümayəndələri ilə görüş keçiriblər.

BrendSport.az
xəbər verir ki, görüşdə federasiyanın idman direktoru Şir-Aslan Kərimov, kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, mətbuat katibi Şəfəq Kərimova, həmçinin MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova və agentliyin nümayəndələri Xanım Həsənova və Cəmil Piriyev iştirak ediblər.

Görüş zamanı iki qurum arasında birgə əməkdaşlığa dair bir sıra məsələlər geniş müzakirə olunub. Qeyd edilib ki, MÜTDA tərəfindən hər il təşkil olunan “Məktəblilər arasında Respublika Çempionatı”nın proqramına bu ildən voleybol yarışı da əlavə edilib. Respublikanın bütün məktəblərini əhatə edəcək yarış AVF-nin dəstəyi ilə keçiriləcək.

Tərəflər vurğulayıblar ki, bu cür yarışların təşkili yeni istedadlı gənclərin üzə çıxarılması, onların peşəkar idmana yönləndirilməsi və məktəblilər arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş çərçivəsində məktəblilərlə maarifləndirici görüşlərin təşkili, voleybolun təbliği və idmana marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Qeyd olunub ki, AVF və MÜTDA arasında qurulan əməkdaşlıq məktəblərdə idmanın inkişafına, şagirdlərin fiziki fəallığının artırılmasına və gələcəkdə uğurlu idmançıların yetişdirilməsinə mühüm töhfə verəcək.
Geri qayıt