Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”ın prezidenti: Birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik
“Qarabağ”ın prezidenti: Birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyikBu gün, 11:37 |
![]() İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl 2025-ci ilin yekunları ilə bağlı danışarkən deyib. O, 2025-ci ili komanda üçün uğurlu adlandırıb: “Arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qaldı. “Qarabağ” 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/2025-ci illər mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı. Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. “Benfika”, “Kopenhagen” kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, bütün Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi”. T.Gözəl bildirib ki, “Qarabağ” tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı: “Klublararası dünya çempionu olmuş İngiltərə nəhəngi “Çelsi” ilə aparılan möhtəşəm, nəfəs kəsən və qürurverici mübarizə isə bir daha göstərdi ki, “Qarabağ” Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı”. Klub rəhbəri bu uğurların təsadüfi olmadığını deyib: “Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunu daha da yüksəklərə daşıdı. Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı “Qarabağ”dır və bu hekayə hələ yeni başlayır”. Geri qayıt |