Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

“Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb


Bu gün, 10:43


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında (AHİİTA) bu qurumun və “Neftçi” İdman Klubunun nümayəndələri arasında Əməkdaşlıq Memorandumunun imzalanması məqsədilə görüş keçirilib.

BrendSport.az
xəbər verir ki, memorandumun məqsədi tərəflər arasında idmanın kütləviləşdirilməsi və sağlam həyat tərzinin təşviqi üçün birgə layihələrin təşkili və icrası, peşəkar kadrların və idmançıların müvafiq sahədəki potensialının daha da gücləndirilməsi üçün təcrübə mübadiləsi, təlim və seminarların keçirilməsi, tərəflərin fəaliyyət istiqamətlərinə aid sosial təşəbbüslərin və digər aidiyyəti fəaliyyətlərin müəyyən edilməsi və dəstəklənməsidir.

Tədbirdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə idman tədbirlərinin təşkili, idman təşəbbüslərinə qarşılıqlı dəstək, birgə sosial proqramların icrası, idman və digər aidiyyəti qurğulardan qarşılıqlı istifadə, eləcə də təcrübə mübadiləsi və birgə təlimlər istiqamətində müzakirələr aparılıb.

Sonda “Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Fərəc Əliyev və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Emin İsmayılov imzalayıblar.




Geri qayıt