Əsas Səhifə > Ölkə idmanı > "Gəncə" voleybol klubu Zəfər Günü münasibətilə Memorial Kompleksini ziyarət edib

"Gəncə" voleybol klubu Zəfər Günü münasibətilə Memorial Kompleksini ziyarət edib


Bu gün, 14:22


8 Noyabr - Zəfər Günü münasibətilə "Gəncə" voleybol klubunun rəhbərliyi, oyunçular və məşqçilər heyəti Gəncə Memorial Kompleksini ziyarət ediblər.

BrendSport.az
xəbər verir ki, ziyarət zamanı komanda üzvlərinə II Qarabağ müharibəsinin tarixi əhəmiyyəti və Gəncə şəhərinə edilmiş raket terroru barədə ətraflı məlumat verilib. Şəhidlərin xatirəsi ehtiramla yad olunub, onların göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində silinməz iz qoyduğu vurğulanıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi-siyasi qələbə deyil, həm də xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Gəncəyə atılan raketlər düşmənin terrorçu mahiyyətini bir daha göstərsə də, şəhərin sakinləri və bütün Azərbaycan xalqının iradəsini qırmadı, əksinə, xalqımız daha da birləşib Zəfərə doğru irəlilədi. Bu birlik və qətiyyət bu gün də ölkəmizin inkişafına güc verən ən böyük amillərdəndir.

Tədbirin davamı Gəncə İdman Sarayında baş tutub. Tədbirdə Zəfərin milli kimliyimizdəki yeri, ölkə idmanının inkişafında yaratdığı stimul və ruh yüksəkliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, qalib xalqın idmançıları da hər zaman qalib ruhu daşımalı və beynəlxalq arenalarda Azərbaycan adını uca tutmalıdırlar.

Sonda bildirilib ki, əldə olunan böyük tarixi Zəfər bütün sahələrdə olduğu kimi, idmanda da yeni mərhələ açıb. Bu qələbə Azərbaycan gəncliyinə güc, inam və iradə aşılayır, idmançıları daha böyük nailiyyətlərə səsləyir.
Geri qayıt