Əsas Səhifə > Ölkə idmanı > “Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib


26-06-2024, 16:37


İyunun 26-da “Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu turnirin keçirilməsinin İcmanın tarixində yeni bir səhifə olduğunu bildirib. O, ölkəmizin idman sahəsində də öz gücünü hər zaman nümayiş etdirdiyini vurğulayıb.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ideyası bu gün ümummilli məsələdir: “Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sülh şəraitində və təhlükəsiz şəkildə öz tarixi torpaqlarımıza qayıdacağıq. Bu cür idman yarışlarını isə Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İrəvanın mərkəzi stadionunda keçirəcəyik”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bugünkü turniri tarixi hadisə adlandırıb.

“Gənclər Qərbi Azərbaycanı - ata-babalarının yaşadıqları tarixi torpaqları görməsələr də, oraya qayıtmaq arzusu ilə yaşayırlar. Bu, çox sevindirici bir haldır”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yaşayırıq. O da müqəddəs ideya ətrafında birləşən soydaşlarımızın yaxın zamanlarda Qərbi Azərbaycana qayıdacağına inandığını vurğulayıb.

Turnir bədii hissə ilə davam edib.

Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyevanın və “Göyçə” aşıq qrupunun ifasında Qərbi Azərbaycana həsr olunan mahnılar və musiqi nömrələri səsləndirilib.

Bəddi hissə yekunlaşdıqdan sonra turnirin açılış oyunu keçirilib. İlk oyunda Qərbi Azərbaycan rayonlarının “Loru” və “Qarakilsə” minifutbol komandaları üz-üzə gəliblər. Oyun “Loru” komandasının 15:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən minifutbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.

İlk dəfə keçirilən bu turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir. Bunlar “Axta”, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qarakilsə”, “Qəmərli”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Meğri”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar” komandalarıdır.
Geri qayıt