Əsas Səhifə > Ölkə idmanı > Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib


9-05-2024, 20:35


Bu gün Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında stend atıcılığının dairəvi növündə final mərhələsi baş tutub.

BrendSport.az
xəbər verir ki, qadınlar arasında qızıl medal uğrunda mübarizə ABŞ-ı təmsil edən Ousten Smitlə italyan Martina Maruzzo arasında gedib. Yarışboyu inamlı çıxışı ilə seçilən O.Smit birinci yeri tutub. M.Maruzzo gümüş medal qazanıb. Slovakiyalı Danka Bartekova isə bürünc mükafatla kifayətlənib.

Bakıda keçirilən Dünya Kuboklarında ardıcıl 3-cü dəfə qızıl medal qazanan Ousten Smit qələbə ilə bağlı düşüncələrini bölüşüb: “Bakı mənim üçün etimadı gücləndirən yerdir. İllərdir beynəlxalq yarışlarda mübarizə aparıram və hər dəfə Bakıdan qızıl medalla qayıdıram. Bu uğur mənə əlavə motivasiya verir. Qazandığım medalı hər zaman yanımda olaraq mənə dəstək verən, uğurlarım üçün dua edən anama və atama həsr edirəm. Medal uğrunda mübarizədə Danka Bartekova ən təhlükəli rəqibim idi. O, mən və mənim kimi gənc stend atıcılar üçün ideal olub. Dankanı uşaq yaşlarımdan tanıyıram və izləyirəm. Etiraf edim ki, hər dəfə ondan ehtiyat etmişəm. Finalboyu inamlı görünməyimin sirri mental məşqlərin nəticəsidir. Atıcılıq 10 faiz fiziki, 90 faiz psixoloji hazırlıq tələb edir. Həlledici mərhələdə psixoloji baxımdan özümü idarəetmə bacarığı məndə əminlik yaradırdı”.

Kişilərin mübarizəsinin final mərhələsində qızıl medal çinli Jianlin Lyunun aktivinə yazılıb. Yarışboyu dəqiq atışları ilə seçilən Federiko Gil həlledici anda büdrəyərək fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc mükafatın sevincini İngiltərəni təmsil edən Ben Levellin yaşayıb.

Bu yarışda Argentinanın adına ilk medalı qazanan Federiko Gil fikirlərini bildirib: “Bakıya tez-tez gəlirəm. Bu, üçüncü səfərim olsa da, burada qazandığım ilk medaldır. Dünyanın ən yaxşı atıcılıq mərkəzlərindən birində yarışmaq mənim üçün xoşdur. Möhtəşəm tədbirdə uğur qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Əlbəttə, məqsədim birinci yeri tutmaq idi. Təcrübəm də buna imkan verirdi. Amma bəzən təcrübə də kömək etmir. Bu gün bunun şahidi oldunuz. Günəş şüası hədəfləri dəqiq görməyimdə müəyyən çətinliklər yaradırdı. Dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, çinli rəqibim fərqli rəngli gözlükdən istifadə etdiyi üçün atışları dəqiq alınırdı”.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.


Geri qayıt