Əsas Səhifə > Ölkə idmanı > AFFA beş klubu cəzalandırıb

AFFA beş klubu cəzalandırıb


18-04-2024, 13:20


AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” ilə oyunda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 1500 manat cərimələnib. Həmçinin qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması sumqayıtlıları 800 manat xərcə salıb.

“Turan Tovuz”la görüşdə “Qəbələ”nin 4 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimələnməsinə səbəb olub. Oyunun fasiləsində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib, sınaq müddəti 3 ay təyin edilib. 5 futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi 700 manat ödəyəcək.

“Kəpəz”lə matçda “Səbail”in futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “dənizçilər” 3000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması paytaxt təmsilçisini 800 manat xərcə salıb.
Geri qayıt