Əsas Səhifə > Ölkə idmanı > Şağan və Hövsan gimnastları Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıblar
Şağan və Hövsan gimnastları Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıblar17-02-2024, 15:30 |
Şağan və Hövsan Olimpiya İdman Komplekslərini təmsil edən bədii gimnastlar Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıblar. BrendSport.az xəbər verir ki, bir həftəlik hazırlığın əsas məqsədi Bakı kəndlərində gimnastikanın inkişaf etdirilməsi, idmançıların fiziki cəhətdən yerli və beynəlxalq yarışlara hazırlıqlarının gücləndirilməsidir. 13 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetirirlər. Şağan və Hövsan Olimpiya İdman Kompleksində və "Hamı üçün gimnastika" fənni üzrə məşqçi kimi fəaliyyət göstərən Ayna Məmmədova bildirib ki, toplanış idmançıların fiziki hazırlığını artırmağa kömək edir: "2014-2017-ci il təvəllüdlü idmançılarımız burada gimnastika predmetləri ilə işləyirlər. Şağan və Hövsan Olimpiya İdman Kompleksində ümumilikdə 80 idmançı bədii gimnastika ilə məşğul olur. Toplanış həm idmançılar, həm də məşqçilər üçün böyük praktika və yeni təcrübə qazanmaq imkanıdır. Qızlarımız üçün Milli Gimnastika Arenasında məşq etmək böyük motivasiyadır, onlar burada lazımi təcrübələri əldə edirlər". Qeyd edək ki, Şağan Olimpiya İdman Kompleksində gimnastika seksiyası 2009-cu ildən, Hövsan qəsəbəsinin "Ocaq Spor" klubunda isə 2018-ci ildən etibarən fəaliyyət göstərir. Geri qayıt |