Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”ın futbolçusu: “Braqa” ilə oyunda qalib gəlmək üçün hər şeyi ortaya qoyacağıq

“Qarabağ”ın futbolçusu: “Braqa” ilə oyunda qalib gəlmək üçün hər şeyi ortaya qoyacağıq


14-02-2024, 15:25


“Rəqibimizin üstünlüklərindən xəbərdarıq, onların oyun taktikalarını analiz edirik”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Leandro Andrade komandasının Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirəcəyi ilk oyunla bağlı Portuqaliya mətbuatına açıqlamasında deyib.

24 yaşlı futbolçu “Braqa” kimi rəqiblə qarşılaşacağına görə sevincli olduğunu bildirib: “Portuqaliyada oynamış komanda yoldaşlarım püşkatmada “Braqa” və ya “Benfika”nın bizə rəqib olmağını istəyirdilər. Çünki onlar əla komandalardır. Pley-off mərhələsinə vəsiqə qazandıqdan sonra Portuqaliya klubu ilə qarşılaşmağı arzulayırdım. Ailəmlə də danışmışam, onlar matçı izləmək üçün stadionda olacaqlar. Burada möhtəşəm bir gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailə və dostlar qarşısında oynaya bilmək üçün lazım olan hər şey var. Belə hallar tez-tez baş vermir”.

Yarımmüdafiəçi hansı turnirdə iştirak etmələrinə baxmayaraq, yaxşı nəticə göstərəcəklərinə inandığını söyləyib: “Harada olmağımızdan asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Bu oyunda qalib gəlmək üçün hər şeyimizi verəcəyik. Sonadək mübarizə aparacaq "Qarabağ" üçün hər kəsə söz veririk”.

O, rəqib komandada pərəstişkarı olduğu Joau Moutinyu ilə qarşılıqlı oynayacağı üçün həyəcanlı olduğunu da vurğulayıb: “ O, “Braqa”nın bizə rəqib olduğunu öyrəndiyimdən bəri ən çox danışdığım oyunçulardan biridir. Onunla qarşılaşmaq üçün səbirsizlənirəm. Moutinyu da mənim kimi Alqarviodandır və onun atası mənim atamın məşqçisi olub. Mənim ona qarşı xüsusi sevgim və heyranlığım var, çünki onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən evimdə oynayacağım üçün olduqca həyəcanlıyam”.

Kabo-Verde millisinin üzvü Türkiyənin "Qalatasaray", Çinin "Şanxay Şenxua", Rusiyanın da bir neçə klubundan təklif aldığını gizlətməyib: “Həmin klublarla danışıqlar uğursuz nəticələndi və mən “Qarabağ”la müqaviləmi 2027-ci ilə qədər yenilədim. Bu təkliflərin gəlməsinə baxmayaraq, “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması bir futbolçu kimi məni çox sevindirdi. Bu kimi hallar oyunçunun klubda özünü vacib hiss etməyinə səbəb olur”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
Geri qayıt