Əsas Səhifə > Ölkə idmanı > Eyni vaxtda 35 idman kompleksində keçirilən üzgüçülük yarışına start verilib
Eyni vaxtda 35 idman kompleksində keçirilən üzgüçülük yarışına start verilib23-12-2023, 15:00 |
“Birlikdə üzək" adlı üzgüçülük yarışı start götürüb. BrendSport.az xəbər verir ki, ölkə üzrə eyni vaxtda 35 idman kompleksində keçirilən turnirin rəsmi açılış mərasimi Bakı Su İdmanı Sarayında olub. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ikinci ildir təşkil olunan yarışa bu dəfə Türkiyə və Özbəkistan yığmaları da qatılıb. Dövlət Himni səsləndirildikdən sonra Vətən müharibəsində canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca üzgüçülük üzrə milli komandanın baş məşqçisi və hakim Rəşad Əbdürrəhmanov bölgələrdə də keçirilən yarışın iştirakçılarını monitor vasitəsilə salamlayıb. Bir gün davam edəcək turnirdə ümumilikdə 1339 nəfər mübarizə aparır. Yarışlar 9 yaşdan yuxarı bütün yaş qrupları üzrə (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar arasında keçirilir. Hər iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Ən yaxşı göstəriciyə imza atan (hər yaş qrupu üzrə 1 nəfər) üzgüçülər final mərhələsinə vəsiqə qazanacaqlar. Bütün iştirakçılara sertifikat, qaliblərə isə medallar təqdim ediləcək. Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Geri qayıt |