Əsas Səhifə > Ölkə idmanı > Qurban Qurbanov: Kubok oyunlarımızın hamısını Xankəndidə keçirə bilərik

Qurban Qurbanov: Kubok oyunlarımızın hamısını Xankəndidə keçirə bilərik


21-12-2023, 16:50

"Xankəndi stadionunda meydana çıxdığımız üçün çox sevincliyəm. İllərlə bu günün həsrətində olmuşuq”.

BrendSport.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə I Liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirən 51 yaşlı mütəxəssis şəhidlərin qəhrəmanlığı sayəsində Xankəndidə olduqlarını vurğulayıb: “Xalqımıza hər zaman sağlam və xoşbəxt yaşamağı arzulayıram”.

O, meydanda maraqlı və gərgin mübarizənin getdiyini söyləyib: “Qolun son saniyələrdə vurulması matçı daha maraqlı etdi. Son saniyəyədək mübarizə aparan MOİK komandasını təbrik edirəm. Açığı, rəqibdən bu cür əzmkar oyun gözləmirdim. Qapımız qarşısında bir neçə qol epizodları yaxaladılar. MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər. Oyunçularımızda həyəcan hiss olunurdu. Bu səbəbdən özlərini tam göstərə bilmədilər”.

Təcrübəli baş məşqçi kubok matçlarının hamısını Xankəndidə keçirmək istədiklərini etiraf edib: “Finala kimi irəliləsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu istiqamətdə addımlar atılacaq. Prezident İlham Əliyev bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacağını bildirdi. Bu məsələyə belə diqqət ayırdığına görə dövlət başçısına təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".

Riçard Almeydanın zədələnməsi barədə də danışan Q. Qurbanov braziliyalı yarımmüdafiəçinin başından xəsarət aldığını qeyd edib.

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah” klubu ilə üz-üzə gələcək.
Geri qayıt