Əsas Səhifə > Ölkə idmanı > Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş ciu-citsu turniri keçirilib
Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş ciu-citsu turniri keçirilib4-12-2023, 12:54 |
Bakıda Azərbaycan-Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib. BrendSport.az xəbər verir ki, “Braziliya Ciu-Citsu” adlı yarışda müxtəlif yaş qrupları və çəki dərəcələrində olan 16 komanda, 170-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı güclərini sınayıb. Tədbirdə rəsmi qonaq qismində Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Emanuel Monteneqro iştirak edib. Turnir hər iki ölkənin himninin səsləndirilməsi ilə açıq elan olunub. Braziliya Ciu-Citsu KİB-nin prezidenti Aqil Acalov çıxışı zamanı idmanın ölkənin daxili inkişafında və beynəlxalq səviyyədə tanınmasında rolundan bəhs edib. Həmçinin Ulu Öndər Heydər Əliyevin idmanın bugünkü dinamik inkişafına təkan verən bünövrə əhəmiyyətli fəaliyyətlərindən danışan ictimai birliyin prezidenti onun bu müstəsna və əhəmiyyətli siyasətinin unudulmamalı olduğunu vurğulayıb. Braziliya Ciu-Citsu KİB-nin sədri Fuad Kərimov da öz növbəsində bu kimi turnirlərin silsilə şəkildə keçirilməsinin vacibliyini qeyd edib. O, idmançılara həm turnirdə, həm də bütün idman fəaliyyətlərində uğurlar arzulayıb. F. Kərimov bu kimi tədbirlərin təşkilinin davamlı olması üçün daim çalışdıqlarını söyləyib. Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov qonaqları və turnir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışıb. Eyni zamanda potensiallı idmançıların çoxluğunun sevindirici hal olduğunu bildirib. Emanuel Monteneqro ölkədə ciu-citsu döyüş sənətinin bu qədər geniş tədris və təbliğ olunmasına görə minnətdarlığını bildirib, Azərbaycan-Braziliya idman əlaqələrinin qarşılıqlı olmasından və edilən əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdırıb. Yarışların sonunda qaliblər medal, sertifikat və mükafatlarla təltif olunublar. Geri qayıt |