Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib
Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirilib24-11-2023, 18:15 |
Azərbaycanda ilk dəfə 100 km məsafəyə ultramarafon yarışı təşkil olunub. BrendSport.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilən qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda yerli idmançılarla yanaşı, Türkiyə və Rusiyadan 50-yə yaxın iştirakçı mübarizə aparıb. Yarışa gecə saat 03:00-da start verilib. Yekunda Türkiyə milli komandasının üzvü Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun qalibi olub. Ağa Əliyev 8:31.22 nəticə ilə ikinci yeri tutub. Artyom Əliyev isə finişə üçüncü gəlib. Qadınlar arasında Leyla Abdinova 10:57.57 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek ikinci, Cəmilə İrəfiyeva isə üçüncü olub. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər. Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş kimi Avropa atletikası ailəsində əhəmiyyətli yerə malik olduğunu bildirib. İl ərzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atletika tədbirlərinin silsilə xarakter daşıdığını qeyd edən Cavid Qurbanov Azərbaycan atletikasının 100 illik tarixində şərəfli yol keçdiyini, qarşıda atletlərimizin yüksək nailiyyətlər əldə edəcəyinə inandığını vurğulayıb. Geri qayıt |