Əsas Səhifə > Ölkə idmanı > Balakən şəhidlərinin xatirəsinə güləş yarışı keçirilib
Balakən şəhidlərinin xatirəsinə güləş yarışı keçirilib13-11-2023, 12:00 |
Balakən rayonunun Qabaqçöl qəsəbəsinin Xalatala kənd orta məktəbində Balakən şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib. BrendSport.az xəbər verir ki, Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı və Xalatala kənd sakinlərinin təşəbbüsü ilə keçirilən yarışda Qax, Zaqatala və Balakən məktəbliləri iştirak ediblər. Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Tədbirdə çıxış edən Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Vasif Qomurov, Prezident təqaüdçüsü, əməkdar məşqçi İsmayıl Çopsiyev, Xalatala kənd sakini Şamil Qebeyev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb. Şəhid valideynləri Məhəmməd Murtuzov, Nəcməddin Sarkayev, Heybullah Əsdiyev yarışın təşkilatçılarına təşəkkür ediblər. Qeyd olunub ki, belə yarışların keçirilməsi yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. Müxtəlif yaş qruplarında 160 güləşçinin qüvvəsini sınadığı yarışda Bakıdan dəvət olunmuş hakimlər də iştirak ediblər. Yeddi nəfər I yerə, iki nəfər II yerə, altı nəfər isə III yerə layiq görülüb. Kənd sakinləri adından qaliblərə mükafatlar təqdim olunub. Komanda hesabında Balakən UGİŞM-nin sərbəst güləş komandası, məşqçi Ruslan Filiyevin yetirmələri medal sayına görə l yeri tutub, kubok qazanıblar. Geri qayıt |