Əsas Səhifə > Ölkə idmanı > “Ulduz” futbol akademiyasının açılış mərasimi olub
“Ulduz” futbol akademiyasının açılış mərasimi olub23-10-2023, 13:10 |
Şağanda “Ulduz” futbol akademiyasının açılış mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Naziri Fərid Qayıbov, nazirliyin idman sektorunun müdiri Elnur Məmmədov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev “Ulduz” futbol akademiyasının direktoru Mehman Əlimov və təsisçisi Nazim Süleymanov iştirak ediblər. Əvvəlcə akademiyanın tərkibində fəaliyyət göstərən komandalar ictimaiyyətə təqdim olunub. Sonra isə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi giriş sözü ilə açan Mehman Əlimov hər kəsi “Ulduz” futbol akademiyası haqqında məlumat verib. Akademiyada 70-dən çox uşağın qeydiyyatdan keçdiyini söyləyən direktor qəbul üçün seleksiya işlərinin bütün ölkə üzrə aparıldığını vurğulayıb: “Mütəxəssislər komandaları formalaşdırmaq üçün bölgələrə səfər ediblər. Paytaxt və bölgələrdən olan 700-dən çox uşaq arasında seçim aparılıb, potensialı yüksək olan namizədlər seleksiya xarakterli növbəti məşqlərə dəvət olunublar. Məşqlərdə komandaların heyəti formalaşdırılıb. Bölgələrdən seçilmiş uşaqlar müvəqqəti olaraq, nazirliyin Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində qalırlar və yaxınlıqdakı orta məktəbdə təhsillərini davam etdirirlər. Akademiyanın komandaları hazırda ölkə çempionatının Bakı zonasında 4 yaş qrupu üzrə - U-10, U-11, U-12 və U13 liqalarında çıxış edirlər. Fərid Qayıbov “Ulduz” futbol akademiyasının fəaliyyətinin nazirlik tərəfindən dəstəkləndiyini bildirib: “Sevindirici haldır ki, akademiyada uşaqlarımız üçün bu cür şərait yaradıblar. Əminəm ki, burada çıxış edən uşaqlar gələcəkdə çox böyük nailiyyətlər əldə edəcəklər”. Firudin Qurbanov “Ulduz” futbol akademiyasının açılışının məhz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsinin xoş olduğunu vurğulayıb: “Ölkə başçısı tərəfindən idmana xüsusi diqqət və qayğı göstərilir. Uşaqlar bizim gələcəyimizdir. Bu səbəbdən belə akademiyaların fəaliyyətə başlaması xüsusi önəm kəsb edir. Bu gün bayrağımız Qarabağda dalğalanır. İnanırıq ki, bu uşaqlar Azərbaycan futbolunun inkişafına xüsusi töhfə verəcəklər”. Akademiyanın önəmindən bəhs edən Sərxan Hacıyev ölkədə futbol üzrə bir sıra yarışların təşkil olunduğunu bildirib: “Gələcəkdə 15 yaşadək futbolçular arasında da turnirin keçirilməsi gözlənilir. Uşaqlara heç vaxt təslim olmamağı və hər zaman oyunlara qələbə əzmi ilə çıxmağı tövsiyə edirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”. Sonda isə akademiyanın təsisçisi Nazim Süleymanov Gənclər və İdman Nazirliyi tərəfindən idmana, xüsusilə futbola böyük diqqət və qayğının olduğunu diqqətə çatdırıb: “Akademiyanın yaranması ölkə futbolunun inkişafına təkan verir. İnanıram ki, buradan yüzlərlə ulduz futbolçu çıxacaq. Ona görə də istərdik ki, belə akademiyaların sayı çox olsun. “Ulduz” futbol akademiyasının üzvləri bizi nəinki Azərbaycanda, bütün dünyada layiqincə təmsil edəcəklər”. Rəsmi çıxışlardan sonra “Ulduz” futbol akademiyasını ilə bağlı videoçarx nümayiş etdirilib. Geri qayıt |