Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: “Səbail” mövsümdə ilk qələbəsini Tovuzda qazanıb

Azərbaycan Premyer Liqası: “Səbail” mövsümdə ilk qələbəsini Tovuzda qazanıb


26-08-2023, 18:55


Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün birinci görüşü Tovuzda baş tutub.

“Turan Tovuz” cari mövsümdə ilk dəfə doğma azarkeşləri önündə meydana çıxıb. Bölgə təmsilçisi geridə qalan üç turda hesabında cəmi 1 xal olan “Səbail”i qəbul edib.

Qarşılaşmada erkən qolla hesab açılıb. Gözlənilmədən bakılılar önə keçiblər. Fransalı hücumçu Aleksandr Ramalinqom adını tabloya yazdırıb. Azarkeşlər növbəti qolu görmək üçün 57 dəqiqə gözləməli olublar. Yenə ev sahibləri mərkəzə dəvət ediliblər. Bu dəfə Yusif Nəbiyev fərqlənib.

84-cü dəqiqədə panamalı müdafiəçi Roderik Millerin qolu “Turan Tovuz”u ümidləndirsə də, “Səbail” yenidən fərqi iki topa çatdırmağı bacarıb. 90-cı dəqiqədə Ağabala Ramazanov əks-hücumu məntiqi sonluğa çatdırıb.

Beləliklə, rəqibini 3:1 hesabı ilə üstələyən “Səbail” cari mövsümdə ilk qələbəsini qazanıb. Şahin Diniyevin yetirmələri xallarının sayını 4-ə çatdırıblar. “Turan Tovuz” isə 6 xalda qalıb.

Qeyd edək ki, turun ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə ediblər - 1:1. Bu gün “Zirə” – “Sabah”, avqustun 27-də isə “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri keçiriləcək.
Geri qayıt