Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Derbini "Qarabağ" qazanıb, "Neftçi" bürünc medalı təmin edib
Premyer Liqa: Derbini "Qarabağ" qazanıb, "Neftçi" bürünc medalı təmin edib2-05-2023, 21:53 |
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub. BrendSport.az xəbər verir ki , əzəli rəqiblər "Neftçi" ilə "Qarabağ" birincilərin meydanında üz-üzə gəliblər. Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanovun yetirmələri erkən qollarla önə keçiblər. 10-cu dəqiqədə Ramil Şeydayev, 16-cı dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb. Bu azmış kimi, ev sahibləri 31-ci dəqiqədə meydanda azlıqda qalıblar. Vojislav Stankoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 10 nəfərlə çıxış etməsinə baxmayaraq, "Neftçi" fasiləyə qədər qollardan birinin əvəzini çıxıb. Mateus Saldanya komandasını ümidləndirən topun müəllifi olub. Ancaq braziliyalı hücumçu 54-cü dəqiqədə bu dəfə topu öz qapısından keçirərək, avtoqola imza atıb. "Ağ-qaralar" yenə təslim olmayıblar. 64-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək, fərqi yenidən minimuma endirib. Amma bu da qarşılaşmada son qol olmayıb. 80-ci dəqiqədə Abdullah Zubir rəqibi cəzalandırıb. Nəticədə 2:4 hesabı ilə məğlub olan "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib. 61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı "Sabah" artıq əlçatmazdır. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib. Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Zirə"ni (3:1) səfərdə, "Sabah" "Şamaxı"nı (1:0), "Qəbələ" isə "Səbail"i (4:2) evdə məğlub edib. Geri qayıt |