Əsas Səhifə > Olimpiya > “Tokio-2020”nin 16-cı günü: Çin medal qazanan ölkələr siyahısına liderliyi davam etdirir
“Tokio-2020”nin 16-cı günü: Çin medal qazanan ölkələr siyahısına liderliyi davam etdirir7-08-2021, 20:30 |
Avqustun 7-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 16-cı günündə 93 ölkənin idmançıları medal qazanıblar. BrendSport.az xəbər verir ki, Çin komandası medal siyahısına liderliyi davam etdirir. Bu ölkənin idmançıları 38 qızıl, 31 gümüş və 18 bürünc medal qazanıblar. İkinci pillədə 36 qızıl, 39 gümüş və 33 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 27 qızıl, 12 gümüş və 17 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar. Rusiya Olimpiya Komitəsi 20 qızıl, 26 gümüş və 23 bürünc medalla dördüncü, Böyük Britaniya 20 qızıl, 21 gümüş, 22 bürünc medalla beşincidir. İlk onluğu Avstraliya (17-7-22), Almaniya (10-11-16), Niderland (10-11-12), İtaliya (10-10-19) və Fransa (9-12-11) tamamlayır. Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 16-cı günündə mübarizəni başa çatdırıb. İdmançılarımız gün ərzində 2 gümüş və 1 bürünc medal qazanıblar. Gümüş medallara sərbəst güləşçi Hacı Əliyev və karateçi İrina Zaretska, bürünc mükafata isə güləşçi Mariya Stadnik sahib olublar. Bununla da Azərbaycan komandasının XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyev (65 kq) final qarşılaşmasında rəqibin son saniyələrdə qazandığı xal sayəsində uduzub. Yunan Roma-güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar. Komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb. Xatırladaq ki, Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996”da olub. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub. Geri qayıt |