Əsas Səhifə > Olimpiya > İrina Kindzerskaya - incə qəlbli güclü qadın

İrina Kindzerskaya - incə qəlbli güclü qadın


31-07-2021, 14:30
İrina Kindzerskaya - incə qəlbli güclü qadın


Bu, Azərbaycanın birinci medalıdır! Fəxr edirəm ki, mükafatlar hesabını mən açmışam. Ümidvaram ki, onların sayı hər gün artacaq.
Tokio Olimpiadasının bürünc mükafatçısı, budəfəki Oyunlarda Azərbaycanı təmsil edən ilk medalçı İrina Kindzerskaya döyüşdən sonra sevincindən gözləri yaşarmış halda bu sözləri deyib.
BrendSport.az xəbər verir ki, budəfəki Oyunlar bizim olimpiyaçılar üçün hələlik uğurlu keçmir. Ölkəmiz üçün ilk medalı çoxları gözləyirdi və onu qazanan İrina oldu.
İrina 1991-ci il iyunun 13-də Ukraynanın Xmelnitsk vilayətindəki Kamenets-Podolski şəhərində anadan olub.
Cüdo ilə məşğul olmağa başlayanda 13 yaşı vardı. 2012-ci il London Olimpiadasında 5-ci yeri tutub. 78 kiloqramdan yuxarı çəki dərəcəsində Ukrayna yığmasının üç nömrəli oyunçusu hesab edilirdi.
2016-cı ilin əvvəlində bir azərbaycanlı ilə ailə qurub. 2017-ci ilin mayında Azərbaycan vətəndaşlığını qəbul edib və ölkəmizin yığma komandasına keçib.
Qazandığı mükafatlar çoxdur: 2017-ci il Dünya çempionatının bürünc medalı, 2019-cu il Avropa çempionatında bürünc, 2020-ci il Avropa çempionatında gümüş medal, “Grand Slam”, “Masters”. Təkcə Olimpiya medalı çatışmırdı.
Tokio Olimpiya Oyunlarının qalibinin və ya medalçısının şərəfinə Vətənimizin bayrağının qaldırılacağı anı Azərbaycanda hamı səbirsizliklə gözləyirdi. Televizor ekranı qarşısında əyləşənlərin çoxu İrinanın iki dəfə necə ağlamasının şahidi oldu: birinci dəfə finala çıxmaq uğrunda döyüşdə bu Oyunların gələcək çempionu, yaponiyalı Akira Sonyaya uduzanda kədər göz yaşları, ikinci dəfə isə çinli Su Şiyanı məğlub edəndə isə sevinc göz yaşları. Ekrandakı incə qəlbli, Azərbaycanı böyük məhəbbətlə sevən, onun qələbələrinə sevinən güclü qadın İrina Kindzerskaya idi.
“Mən azərbaycanlı ilə ailə qurmuşam. Ukraynada idman karyeramın müəyyən mərhələsində öz idmançılarına daha çox ümid bəsləyirdilər və mənə Azərbaycan komandasının heyətində çıxış etmək təklif olundu. Ömür-gün yoldaşım məni həmişə dəstəkləyib, həmişə yanımda olub. Dünən mənə dedi ki, özümə inanmalıyam. Olimpiadaya qədər Ukraynada məşq edirdim”, - deyən İrina ona inanan pərəstişkarlarının hamısına minnətdarlığını bildirib: “Məşqçilərimə təşəkkür edirəm, Azərbaycan Cüdo Federasiyasına “çox sağ ol” demək istəyirəm. Mənə inandığınıza və məni dəstəklədiyinizə, Azərbaycan komandasının tərkib hissəsinə çevrilmək və bacarıqlarımı hamıya sübut etmək imkanı verildiyinə görə sağ olun. Yaşımın az olmamasına baxmayaraq, mənə inandığınıza görə sağ olun. Əlbəttə, öz ailəmə də təşəkkür edirəm”.
Azərbaycanda idman həvəskarları ümid edirlər ki, ölkəmizin ilk medalçısının bu səmimi sözləri Tokioda Vətənimizin idman şərəfini qorumalı olan digər idmançılar üçün yaxşı stimul olacaq.
İrina Kindzerskaya deyib: “Keçən il Olimpiadanın vaxtının dəyişdirildiyi elan ediləndə mən ağladım. Bu anadək gücümü necə qoruyub saxlayacağımı bilmirdim. Lap son ana qədər Oyunların baş tutacağına inanmırdım. Hər dəfə mənə elə gəlirdi ki, indicə Oyunları ləğv edəcəklər. Çox şadam ki, mən bu tarixi hadisənin bir hissəsi oldum”.
Azərbaycanda bütün idman həvəskarları deyir: “İrina, siz həm də Azərbaycanın şanlı idman tarixinin bir hissəsi oldunuz”.
Geri qayıt