Əsas Səhifə > Olimpiya > “Tokio-2020” Olimpiadasının təşkilatçıları idmançıları hər gün koronavirus testindən keçirmək istəyirlər
“Tokio-2020” Olimpiadasının təşkilatçıları idmançıları hər gün koronavirus testindən keçirmək istəyirlər16-04-2021, 18:06 |
“Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilatçıları idmançıların koronavirus testindən keçirilməsi tezliyini artırmaq və bunu hər gün həyata keçirmək niyyətindədirlər. BrendSport.az xəbər verir ki, bu barədə aprelin 16-da Yaponiyada Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsul nazir xanım Tamayo Marukava bəyan edib. “Bəzi ölkələr idmançılara peyvənd vura bilərlər, bəziləri isə yox. Biz təhlükəsiz yarışlar keçirmək niyyətindəyik və dünyanın bütün ölkələrinin idmançılarının buraya qatılacağını gözləyirik. Hazırda biz gündəlik testlərin təşkili imkanlarını araşdırırıq”, - deyə nazir bildirib. Bu ərəfədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yarışların keçirilməsi barədə dərc olunan ilkin qaydalara görə, idmançıların hər dörd gündən bir test vermələri nəzərdə tutulur. Bildirilir ki, testlərin götürülməsi qaydalara müvafiq olaraq, idman növündən və yarışların cədvəlindən asılı olacaq. Yoxlamaların Atletlər Kəndində yerləşən xüsusi laboratoriyada aparılması nəzərdə tutulur. İdmançı həmin ərazidə yaşamadığı təqdirdə, test vermək üçün onun xüsusi nəqliyyat vasitəsilə buraya gətiriləcəyi bildirilir. Testin nəticəsi barədə məlumat smartfona yüklənmiş xüsusi əlavə vasitə ilə onun sahibinə göndəriləcək. Xatırladaq ki, Tokio Yay Olimpiya və Paralimpiya oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışlar bir il müddətinə təxirə salınıb və onun cari il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. AZƏRTAC Geri qayıt |