Əsas Səhifə > Olimpiya > UEFA: “Qarabağ” qrupdan çıxa bilər
UEFA: “Qarabağ” qrupdan çıxa bilər21-10-2017, 11:44 |
Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” 3 turdan sonra aktivinə 1 xal yazdırıb. UEFA-nın rəsmi saytının məlumatına görə, Ağdam təmsilçisi “ölüm qrupu”nda son pillədə qərarlaşmasına baxmayaraq, hələ də növbəti mərhələ şansını qoruyur. Belə ki, qitə futbol qurumu “Qarabağ”la yanaşı, ilk 3 turda qələbə qazana bilməyən komandaların 1/8 final mərhələsinə adlayacaqlarını istisna etməyib. Bununla bağlı yazı hazırlayan UEFA yaxın keçmişdə analoji vəziyyətlə üzləşib qrupdan çıxan komandaları örnək göstərib. Hazırda Azərbaycan çempionu ilə bərabər “Benfika”, “Anderlext”, “Atletiko”, “Olimpiakos”, “Maribor”, “Feyenoord”, “Monako”, APOEL və Dortmund “Borussiya”sı qrup mərhələsinin ilk dövrəsindən sonra qalibiyyət üzü görməyən klublardı. 2003-04 mövsümündən bəri isə 11 komanda eyni duruma düşməsinə baxmayaraq, qrupu ilk iki sırada tamamlamağı bacarıb. Bunlar “Arsenal” (2003-04), “Selta” (2003-04), “Porto” (2004-05), “Verder” (2005-06), “Liverpul” (2007-08), “Panatinaikos” (2008-09), “Ştutqart” (2009-10), “Qalatasaray” (2012-13), “Mançester Siti” (2014-15), “Gent” (2015-16) və “Roma”dı (2015-16). Adıçəkilən klublardan göstərilən mövsümlərdə 8-i 1/8 finalda mübarizəni dayandırıbsa, “Arsenal” və “Qalatasaray” 1/4-ə, “Liverpul” isə yarımfinala qədər irəliləməyi bacarıb. UEFA ilk 3 turda 7 xal toplayan “Çelsi”, “Real” və “Tottenhem”i arxayınlaşmamağa da dəvət edib. Çünki vaxtilə Moskva MOİK-i (2006-07), “Marsel” (2007-08), “Reyncers” (2007-08) və “Porto” (2015-16) uğurlu start götürərək 2 qələbə, 1 heç-heçəlik nəticə göstərsələr də, sonda qrupda qalıblar. Həmçinin ilk 3 turda aktivinə 2 qələbə yazdıran “Bazel”, “Bavariya”, “Yuventus” və Donetsk “Şaxtyor”u da çox öyünməsinlər. Əks təqdirdə “Ayaks” (2003-04), Kiyev “Dinamo”su (2003-04) və Donestk “Şaxtyor”unun (2007-08) aqibəti ilə üzləşərlər. Statistika onu deməyə əsas verir ki, hazırda 9 xala malik olan “Mançester Yunayted”, PSJ, “Barselona”, “Mançester Siti” və “Beşiktaş” mütləq 1/8 final mərhələsinə adlayacaqlar. Apasport Geri qayıt |