Əsas Səhifə > Olimpiya > Beynəlxalq Olimpiya Komitəsi dopinqlə mübarizə üçün 10 milyon dollar vəsait ayıracaq

Beynəlxalq Olimpiya Komitəsi dopinqlə mübarizə üçün 10 milyon dollar vəsait ayıracaq


6-11-2019, 19:20


Beynəlxalq Olimpiya Komitəsi (BOK) dopinqlə mübarizə məqsədi ilə 10 milyon dollar vəsait ayıracaq. Bu məbləğin 5 milyonu yalnız analizlərin mühafizə olunduğu anbarların saxlanılmasına xərclənəcək.

BrendSport.az BOK-un rəsmi saytına istinadla xəbər verir ki, bu barədə beynəlxalq qurumun prezidenti Tomas Bax Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Polşanın Katovitse şəhərində keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib. BOK prezidenti dopinqlə mübarizənin vacib məsələ olduğunu qeyd edərək 4 bənddən ibarət olan antidopinq planının hazırlanmasını təklif edib. O, planın həyata keçirilməsi üçün 10 milyon dollar vəsait ayrılacağını bildirib. Olimpiya oyunlarından əvvəlki test nümunələrinin 10 il müddətində saxlanılması, elmi tədqiqatların aparılması üçün kifayət qədər vəsait ayrılması, genetik ardıcıllıq adlı yeni antidopinq nümunəsinin “Tokio 2020” Olimpiadasında sınaqdan keçirilməsi və WADA-nın istintaq səlahiyyətlərinin artırılması plana daxildir.

Dopinq probleminin son illərdə daha da kəskin xarakter aldığını diqqətə çatdıran T.Bax beynəlxalq idman federasiyalarının WADA ilə əməkdaşlığın genişləndirilməsinin, WADA-nın istintaq səlahiyyətlərinin artırılmasının vacibliyindən danışıb.

BOK yeni dopinq testinin tətbiqini sürətləndirmək üçün BOK Beynəlxalq Sınaq Agentliyinə (İTA) müraciət edib.
Geri qayıt