Əsas Səhifə > Olimpiya > Milli Paralimpiya Komitəsinin prezidenti könüllülərlə görüşüb
Milli Paralimpiya Komitəsinin prezidenti könüllülərlə görüşüb27-04-2019, 11:25 |
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov mayın 13-14-də “Ruhun zəfəri” şüarı altında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına dəstək verəcək “Bir könüllü” təşkilatının üzvləri ilə görüşüb. AMPK-dan BrendSport.az-a verilən məlumata görə, tədbirdə əlilliyi olan könüllülər, Qarabağ qaziləri və Təhsil Nazirliyinin “Bir könüllü” proqramının üzvləri iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsində reallaşan görüşdə AMPK-nın prezidenti ölkəmizdə paralimpiya hərəkatının sürətli inkişafı, uşaq paralimpiya hərəkatı, Prezident İlham Əliyevin bu hərəkata və paralimpiyaçılara göstərdiyi diqqət və qayğı haqqında geniş məlumat verib. Komitə prezidenti mayın 13-14-də paytaxt Bakının ilk dəfə “Ruhun zəfəri” şüarı altında paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına ev sahibliyi edəcəyini vurğulayıb. O qeyd edib ki, Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran bu yarışa 36 ölkədən 345 iştirakçı qatılacaq. Onun sözlərinə görə, paracüdo üzrə Bakı Qran-Prisi əlillərin idman yarışı olduğu üçün, təşkilati işlərə fiziki məhdudiyyətli insanlar da cəlb olunub. O, bu tədbirin tamamilə inklüziv olması üçün tədbirlər görüldüyünü bildirib. “Yarışın keçirilməsində əlilliyi olan könüllülər də yaxından iştirak edəcək. Bundan əlavə, yarış keçirilən günlərdə Heydər Əliyev adına İdman Arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil ediləcək. Bu yarışın təşkil olunmasında tələbə könüllülərin zəhməti də yüksək qiymətləndirilməlidir”, - deyə İ.Rəhimov əlavə edib. Komitə prezidenti yarışa hazırlıq mərhələsində görülən işlərdən də söz açıb. Onun sözlərinə görə, Bakı Qran-Prisinə həsr olunmuş plakat müsabiqəsi keçirilib. Əlil idmanının təşviqinə həsr olunmuş müsabiqənin qaliblərinə pul mükafatları verilib. O qeyd edib ki, bu idman tədbirinə həsr olunmuş “Paint Ball” yarışı da təşkil edilib. Turnirdə Paralimpiya Komitəsi, ASAN Radio, “Bir könüllü” proqramı və Qarabağ qazilərindən ibarət komandalar yarışıblar. Qarabağ qaziləri bu yarışda qalib gəliblər. İ. Rəhimov diqqətə çatdırıb ki, olimpiyaçı və paralimpiyaçı idmançılarımızın yarışlarda paralel çıxışı ilk dəfə Bakıda keçirilən “Bakı 2015” birinci Avropa Oyunlarında və sonradan “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında gerçəkləşib: “Bu yarışlar əlil idmanının beynəlxalq və milli səviyyədə təşviqinə misilsiz töhfə verib. Belə humanist qərarları qəbul etdikləri üçün ölkə Prezidenti İlham Əliyevə və hər iki Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk”. İlqar Rəhimov yarışın keçirilməsində göstərdiyi dəstəyə görə, Beynəlxalq Cüdo Federasiyasına, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasına və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirib. Milli Paralimpiya Komitəsinin prezidenti qeyd edib ki, ölkəmizdə könüllülər institutu əsasən 2015-ci ildə birinci Avropa Oyunları ərəfəsində yaradılıb və hazırda geniş vüsət alıb. O, keçiriləcək tədbirə verdikləri dəstəyə görə “Bir könüllü” proqramının rəhbərliyinə və hər bir üzvünə öz təşəkkürünü bildirərək onlara uğurlar arzulayıb. Daha sonra AMPK-nın baş katibi Kamal Məmmədov və “Bir könüllü” proqramının meneceri Canoğlan İlyasov çıxış edərək tələbə könüllülərə yarış barədə daha ətraflı məlumat veriblər. Geri qayıt |