Əsas Səhifə > Olimpiya > Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına 500 gün qalıb
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına 500 gün qalıb12-03-2019, 10:54 |
Martın 12-də gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarına 500 gün qalır. BrendSport.az xəbər verir ki, bu münasibətlə paytaxt Tokioda və ətraf rayonlarda müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Tokioda keçiriləcək tədbirlərdə 50 rəsmi idman piktoqramın təqdim edilməsi nəzərdə tutulur ki, bunlarında üzərində müxtəlif idman növləri və yarışlardan görüntülər əksini tapacaq. Qeyd edək ki, Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək davam edəcək və özündə rekord sayda - 339 yarışı birləşdirəcək. Oyunlar zamanı idmanın 33 növü üzrə yarışlar keçiriləcək ki, bunlardan karate, skeytbordinq, idman dağadırmanması və serfinq ilk dəfə təşkil ediləcək. Beysbol və softbol üzrə turnirlər isə 2008-ci ildə Olimpiya proqramından çıxarıldıqdan sonra yenidən keçiriləcək. Tokio-2020 Oyunlarının əsas mövzularından biri Yaponiyanın 2011-ci il təbii fəlakətindən və atom qəzasından bərpası olduğuna görə, martın 12-də təşkilat komitəsi yeni layihəyə start verəcək. Həmin layihə fəlakətdən zərərçəkən üç şimal-şərq prefekturasında reklam avtobusunun səfərini nəzərdə tutur. Bununla yanaşı, bütün dünyadan gələcək 11 min idmançının iştirakı ilə keçiriləcək yarışlara ciddi hazırlıq işləri görülür. Bu ilin yanvarın sonlarınadək yeni idman obyektlərində işlərin 50-70 faiz icra edildiyi bildirilib. Yayda isə bu obyektlərdə ilk sınaqların keçirilməsi nəzərdə tutulur. Oyunların təşkil ediləcəyi əsas mərkəz olacaq Yeni Milli Stadionda isə işlərin noyabrda başa çatdırılması planlaşdırılır. Paytaxtın Şincuku dairəsində inşa edilən nəhəng obyektdə artıq fevralda dəmir karkasın quraşdırılması işləri yekunlaşıb və onun üzərinə taxta damın döşənməsi davam etdirilir. Təşkilatçılar yanvarda bəyan ediblər ki, apreldən biletlərin sifarişinin qəbuluna başlanacaq. AZƏRTAC Geri qayıt |