Əsas Səhifə > Olimpiya > İlqar Rəhimov: Cari il Milli Paralimpiya Komitəsi üçün uğurlu il olub
İlqar Rəhimov: Cari il Milli Paralimpiya Komitəsi üçün uğurlu il olub11-12-2018, 22:18 |
Cari ildə digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatının inkişafında da mühüm uğurlar qazanılıb. Paralimpiyaçılarımız beynəlxalq arenada dəfələrlə üçrəngli bayrağımızı dalğalandırıb və himnimizi səsləndiriblər. BrendSport.az saytı xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov paralimpiyaçılarımızın bu il keçirilən turnirlərdəki çıxışlarının yekunları və perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. - İlqar müəllim, cari ili Azərbaycan Milli Paralimpiya Komitəsi üçün necə qiymətləndirirsiniz? - 2018-ci il Milli Paralimpiya Komitəsi üçün uğurlu il olub. Cari il ərzində nəzərdə tutulmuş bütün işlər həyata keçirilib. İlin əvvəlində yarışların təqvimi və görüləcək işlərin istiqaməti təsdiq olunub. Hesabat dövründə idmançılarımızın nəzərdə tutulmuş yarışlarda iştirakı təmin edilib. Əsas məqsədimiz isə növbəti Paralimpiya Oyunlarında daha böyük komanda ilə iştirak etmək və yaxşı nəticələr göstərməkdir. AMPK-nın nəzdində fəaliyyət göstərən bütün idman növlərində irəliləyiş var. İdmançılarımızın sıraları genişlənib. Artıq 2018-ci ildə idmançılarımız reytinq xalları toplamağa başlayıblar. Hesab edirəm ki, cari il çox yaxşı başlanğıc oldu. Çünki reytinq xallarının toplanılması üçün həlledici il Paralimpiya Oyunlarından bir il öncə nəzərdə tutulur. Çalışmalıyıq ki, gələn il idmançılarımızın beynəlxalq arenada çıxışını yüksək səviyyədə təmin edək ki, onlar da öz idman növlərində kifayət qədər reytinq xalı toplasınlar. Fikrimcə, heç bir problem olmayacaq. Əgər 2016-cı ildə Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 24 idmançımız iştirak etmişdisə, məqsədimiz “Tokio 2020”ə daha çox sayda idmançı ilə qatılmaqdır. İlk dəfə idmançılarımız “Tokio 2020” Yay Paralimpiya Oyunlarında parateakvondo yarışlarında güclərini sınayacaqlar. İdmanın bu növü əlillər arasında çox populyardır. Bizim paratekvondo növü üzrə yetəri qədər titullu və reytinqli idmançılarımız var. Daha öncə parataekvondo Paralimpiya Oyunlarının proqramına daxil deyildi və digər ölkələr də buna elə ciddi maraq göstərmirdilər. Paratekvondonun “Tokio 2020”nin proqramına salınması digər ölkələrdə də idmanın bu növünə marağı artıracaq və daha çox idmançı cəlb olunacaq. Hesab edirəm ki, “Tokio 2020”də gərgin idman mübarizəsinə şahidlik edəcəyik. İdmançılarımız güclü rəqibdirlər. İnanıram ki, kifayət qədər parataekvondoçu ilə paralimpiadada iştirak edəcəyik. Digər idman növlərində də idmançıların sayında artım var. Cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımız fəaliyyət göstərir. Bir müddət əvvəl Portuqaliyada təşkil olunmuş dünya çempionatında 14 idmançımız çıxış etmişdi. Kifayət qədər uğurlu nəticə əldə olundu. İlk yarış idi ki, reytinq xallarının toplanmasına başlanıldı. Cüdoçularımız çempionata ciddi hazırlaşmışdılar və bizi qane edən nəticəni qazandılar. Millimiz şəxsi yarışlarda 6 medal qazandı. Komanda yarışlarında da fərqləndik, 14 idmançıdan 12-si çempionatda yuxarı yerləri tutaraq ilkin reytinq xalı qazandılar. Atletlərimiz, pauerliftinqçilərimiz, güllə atıcılarımız, üzgüçülərimiz, voleybolçularımız və boççia idmançılarımızın inkişaf etdirilməsi istiqamətində də gərgin iş gedir. 2018-ci ili biz təşkilatlanma ili kimi nəzərə aldıq. Yəni, işlərin təşkili və istiqamətlərin müəyyənləşdirilməsi üzərində çalışdıq. Yəqin ki, gələn il bunun bəhrəsini görəcəyik. Bildiyiniz kimi, AMPK Paralimpiya Oyunlarına hazırlıq Komitəsi kimi fəaliyyət göstərməlidir. İdmançıların hazırlığı ilə əsasən müvafiq federasiyalar məşğul olmalıdır. Artıq bu istiqamətdə lazımi işlər görülür. Cari ildə biz bir neçə paralimpiya idman növü üzrə federasiyanın yaradılmasına nail ola bildik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Boççia Federasiyası yaradıldı. Həmçinin Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası fəaliyyət göstərir. Digər nailiyyətimiz isə Olimpiya komandaları ilə sıx əməkdaşlığa başlamamız oldu. Həmin federasiyalar paralimpiyaçıları da öz himayələrinə götürdülər. Cüdo, voleybol və stolüstü tennis federasiyaları ilə gözəl əlaqələrimiz var. Sevindirici haldır ki, paralimpiyaçılarımız Olimpiya komandamızın üzvləri ilə birgə mötəbər yarışlara hazırlıq keçirlər. Bu, həmçinin əlillərin cəmiyyətə inteqrasiyasına böyük təkan verir. Məlum olduğu kimi, 2013-cü ildə dünyada ilk dəfə olaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Məqsəd fiziki imkanları məhdud uşaqları idmana cəlb etməklə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. Noyabrda Sumqayıtda IV Uşaq Paralimpiya Oyunları təşkil olundu. Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons oyunlarda iştirak etdi. Mətbuatdan da məlumdur ki, E.Parsons oyunlardan xoş təəssüratlarla qayıdıb. Dünyaya bəyan edib ki, Azərbaycan modelindən yararlanmaq lazımdır. O, bizdən xahiş edir ki, təcrübəmizi dünyaya yayaq. - 2018-ci ildə Milli Paralimpiya Komitəsinin nəzdində yeni idman növləri fəaliyyətə başlayıb. Bu haqda nə deyə bilərsiniz? - Cari ildə AMPK-nın nəzdində iki idman növü üzrə bölmə yaradılıb. Bunlardan biri paravelosiped idmanıdır. Komanda üzvləri ilə görüş keçirilib və milliyə baş məşqçi təyin olunub. Azərbaycan Velosiped İdmanı Federasiyası bizə yaxından kömək edir. Əlillər arasında idmanın bu növünə böyük maraq var. İdmançılarımız trek və şose növlərində məşqlərə başlayıblar. Fikirləşirəm ki, paravelosiped ölkəmizdə çox populyar olacaq. Həmçinin Paravelosiped Assosiasiyası yaradılıb. Digəri isə qış idman növləridir. Azərbaycanda Qış İdman Növləri Federasiyası fəaliyyət göstərir. “Şahdağ” Turizm Mərkəzi ilə danışıqlarımız oldu və bütün görüşlərimiz müsbət yekunlaşdı. Orada paralimpiyaçıların hazırlığı üçün hər cür şərait yaradılıb. Mərkəzin təcrübəli işçilərindən biri yığmaya baş məşqçi təyin olundu. Artıq millimiz Dubayda ilk təlim-məşq toplanışında iştirak edib. Bu hazırlıqdan daha çox tanışlıq xarakteri daşıyıb. Bizim əsas hədəfimiz 2022-ci ildə Pekində təşkil olunacaq Qış Paralimpiya Oyunlarında iştirak etməkdir. İdmançıların seçiminə çox ciddi yanaşdıq. Qış idman növləri üzrə komandamızda 4 paralimpiyaçı yer alıb və onlar çox istedadlıdırlar. İdmançılarımız dağ xizəkçiliyinin sirləri ilə Dubayda yaxından tanış oldular. Məşqçimiz də Dubayda hazırlıq keçiblər. Artıq digər ölkələrlə təlim-məşq prosesi üçün danışıqlar gedir. - Önümüzdəki illərdə Azərbaycan hər hansı paralimpiya idman növü üzrə irimiqyaslı yarışa ev sahibliyi edəcəkmi? - Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons dövlətimizin başçısı İlham Əliyev ilə görüşündə Azərbaycanda paralimpiya hərəkatının geniş vüsət aldığını, böyük təşkilatlanma yolu keçdiyini və respublikamızın zəngin təcrübəyə malik olduğunu deyib. O, Azərbaycanın hər hansı paralimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi etməsinin vaxtı olduğunu diqqətə çatdırıb. E.Parsons ölkəmizin güclü idman infrastrukturuna malik olduğunu və əlillər üçün hər cür şəraitin yaradıldığını deyib. Parsons bizə dünya çempionatının təşkili ilə bağlı müraciət edib. Hazırda bu istiqamətdə fikir mübadiləsi aparılır. İlin sonunadək biz idman növünü seçəcəyik. Çalışacağıq ki, yarış 2019-cu ilin ikinci yarısı və ya 2020-ci ilin əvvəlində keçirilsin. Dünya çempionatının təşkili adi məsələ deyil. Böyük sayda idmançılar ölkəmizə gələcək. Onların qarşılanması, yerləşdirilməsi, standartlar və nəqliyyat məsələsi çox məsuliyyətli işdir. Gələn il mayın 13-14-də Bakıda ilk dəfə paracüdo üzrə dünya kuboku yarışları keçiriləcək. Həmçinin idmançılar tibbi təsnifatı da ölkəmizdə keçəcəklər. Artıq 42 ölkə turnirdə iştirakını təsdiqləyib. Analoji yarış 2020-ci ildə də Bakıda baş tutacaq. Bu yarış paralimpiya oyunları ərəfəsində son reytinq turniri olacaq. - “Tokio 2020”dən gözləntiləriniz nədir? - Bizim işin əsas göstəricisi Paralimpiya Oyunlarında qazanılan medallardır. Əgər idmançılarımız Paralimpiadada ölkəmizi layiqincə təmsil edib bayrağımızı dalğalandırır və himnimizi səsləndirərlərsə, demək AMPK işini düz qurub. Əgər bunun əksidirsə, demək düz yolda deyilik. Çünki əlillər arasında idman potensialı böyükdür. Həqiqətən də bizim çox istedadlı idmançılarımız var. Əgər biz onları düzgün istiqamətə yönləndirməsək onlar da uğurlu nəticə verə bilməzlər. Bizim ən yaxşı nəticəmiz “London 2012”də olub. Həmin Oyunlarda komandamız 12 medal qazanıb ki, bunlardan 4-ü qızıl idi. “Rio 2016”da nəticələrimiz bir az zəif oldu. Belə ki, 11 medal qazandıq və onlardan 1-i qızıl oldu. Bu nəticə bir çox ölkələr üçün əlçatmaz sayılır. Təbii ki, biz qarşımıza maksimum hədəflər qoymuşuq. Ancaq biz elə inkişaf səviyyəsinə çatmışıq ki, bu, bizim üçün geriləmə oldu. Qarşımızda çox ciddi vəzifələrimiz var. “Tokio 2020” heç də asan olmayacaq. Bizə medal gətirən idman növlərinə digər ölkələrdə çox ciddi hazırlaşırlar. Cüdoda yaponiyalı və koreyalı idmançılar güclü hesab olunur. Qarşımıza məqsəd qoymuşuq ki, ən azı “London 2012”nin nəticələrinə yaxınlaşmalıyıq. Geri qayıt |