Əsas Səhifə > Olimpiya > Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək


8-11-2018, 18:17


Noyabrın 9-da İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 47-ci Baş Assambleyası işə başlayacaq.

Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırovdan ibarət nümayəndə heyəti təmsil edirlər.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəklər.

Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaq. Gündəliyə, həmçinin 2020-ci il Tokio Yay və 2022-ci il Pekin Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabat məruzələrinin müzakirəsi daxildir. Bundan başqa, tədbirdə 2024-cü il Paris və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına dair məruzələr də dinləniləcək.

AOK-un Baş Assambleyası çərçivəsində “VIII Pyotr Nurovski - Ən yaxşı avropalı gənc idmançı” mükafatı təqdim olunacaq.

Habelə “Bakı-2019” Yeniyetmələrin Avropa Olimpiya Festivalının təqdimatı keçiriləcək. Təqdimat “Bakı-2019”un Təşkilat Komitəsinin üzvləri Nigar Əfəndiyeva və Tərlan Məmmədov tərəfindən ediləcək.

Tədbirdə AOK-un növbəti - 48-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı açıqlanacaq.

Xatırladaq ki, noyabrın 8-də AOK-un İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.
Geri qayıt