Əsas Səhifə > Olimpiya > Rusiya millisi Bakıya iki olimpiya çempionu ilə gəlir

Rusiya millisi Bakıya iki olimpiya çempionu ilə gəlir


3-09-2018, 22:39


Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Rusiya Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Etsio Qamba fərdi yarışlarda 9 kişi və eyni sayda qadın idmançıya güvənəcək. Qarışıq komanda yarışları üçün isə heyətə 11 nəfər cəlb olunub.

Bakıya gələcək cüdoçular arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibləri - Beslan Mudranovla Həsən Xalmurzayev və bürünc medalçı Nataliya Kuzyutina da var.

Kişilər
Beslan Mudranov (60 kq). 32 yaşlı cüdoçu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır. O, “Bakı 2015” I Avropa Oyunlarında qızıl medal qazanıb.

Robert Mşvidobadze (60 kq). 29 yaşlı idmançı ötən il Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatının və Qran Prinin qalibidir.

Mixail Pulyayev (66 kq). 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatıda gümüş medal qazanan 31 yaşlı idmançı 2014 və 2015-ci illərdə də analoji uğura imza atıb. O, “Bakı 2015” I Avropa Oyunlarının və Avropa çempionatının bürünc mükafatçısıdır.

Həsən Xalmurzayev (81 kq). 25 yaşlı cüdoçu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi və Avropa çempionudur. O, ötənilki dünya çempionatında bürünc medal qazanmaqla yanaşı, 3 dəfə Avropa Kubokunda birinci yeri tutub.

Aslan Lappinaqov (81 kq). 25 yaşlı idmançı iki dəfə Avropa çempionatının bürünc medalını qazanıb. O, "Böyük Dəbilqə"nin və Qran Prinin qalibi olub.

Husen Xalmurzayev (90 kq). Avropa çempionatının ikiqat bürünc mükafatçısı olan 25 yaşlı idmançı Qran Prilərdə 3 dəfə birinci yeri tutub.

Mixail İqolnikov (90 kq). 22 yaşlı cüdoçu bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatının qalibi olub. O, həmçinin “Böyük Dəbilqə” və Qran Prinin qalibidir.

Kiril Denisov (100 kq). “Bakı 2015” I Avropa Oyunlarının qalibi olan 30 yaşlı cüdoçu dünya çempionatlarında 3 bürünc, 2 gümüş medal qazanıb. O, ikiqat Avropa çempionudur.

Niyaz İlyasov (100 kq). 25 yaşlı idmançı “Böyük Dəbilqə” və Qran Prinin qalibidir.

Qadınlar
İrina Dolqova (48 kq). Bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatının qalibi olan 23 yaşlı cüdoçu, “Bakı 2015” I Avropa Oyunlarında bürünc medal qazanıb. O, Qran Pri və “Böyük Dəbilqə” seriyalı yarışların ikiqat qalibidir.

Sabina Gilyazova (48 kq). 24 yaşlı cüdoçu “Böyük Dəbilqə” və Qran Pridə gümüş və bürünc mükafatçısıdır.

Nataliya Kuzyutina (52 kq). 29 yaşlı cüdoçu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 4 qat Avropa çempionudur. O, dünya çempionatlarında 3 dəfə 3-cü yeri tutub.

Yuliya Kazarina (52 kq). 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatının bürünc medalçısı olan 29 yaşlı cüdoçu, 5 il öncə Abu Dabidə təşkil olunan Qran Pridə birinci yeri tutub.

Anastasiya Konkina (57 kq). 25 yaşlı idmançı Bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında fərdi və komanda yarışında bürünc medalçısıdır.

Yekaterina Valkova (63 kq). 27 yaşlı cüdoçu 2013 və 2016-cı il Avropa çempionatlarında bürünc medal qazanıb.

Darya Davıdova (63 kq). 27 yaşlı idmançı 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Qran Pridə birinci yeri tutub.

Alyona Prokopenko (70 kq). 26 yaşlı cüdoçu bu il keçirilən Avropa çempionatında komanda yarışında bürünc medal əldə edib.

Aleksandra Babintseva. 25 yaşlı idmançı bu il keçirilən Avropa çempionatında komanda yarışında bürünc medal qazanıb.

Qarışıq komanda yarışı

Musa Moquşkov (73 kq), Səid-Emi Jambekov, Dimtri Dovqan (hər ikisi 90 kq), Kazbek Zankişiyev, İnal Tasoyev (hər ikisi +90 kq), Natalya Qolomidova, Diana Ciqaros (hər ikisi 57 kq), Taisiya Kireyeva, Kamila Badurova (hər ikisi 70 kq), Kseniya Çibisova və Anna Quşina (hər ikisi +70 kq)

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
Geri qayıt