Əsas Səhifə > Olimpiya > Dünya və Olimpiya çempionlarının Qazaxda keçirilən təlim-məşq toplantıları başa çatıb

Dünya və Olimpiya çempionlarının Qazaxda keçirilən təlim-məşq toplantıları başa çatıb


23-08-2018, 21:10


Ötən yazımızda xəbər verdiyimiz kimi, ölkə idmançılarımız daha bir mötəbər yarışda iştirak etməyə hazırlaşırlar. Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respublikasının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar Qazaxda təlim-məşq toplantılarına başlamışdı.

BrendSport.az saytı Goyezen.az saytına istinadən xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşq toplantılarında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edirdi. Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun, Kanadalı idmançı Cleopas NCMBE və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılmışdı.

Dünya və Olimpiya çempionlarının Qazaxda keçirilən təlim-məşq toplantıları bu gün başa çatıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudov keçirilən təlim-məşq toplantıları barədə GOYEZEN.AZ saytına öz təəssüratlarını bölüşüb.

Ölkəmizdə idman sahəsinə və idmançılara göstərilən diqqət və qayğıdan danışan F.Umudov qeyd edib ki, bizim üçün sevindirici haldır ki, Azərbaycanımızda belə yüksək səviyyəli Olimpiya İdman Kompleksləri tikilib və biz idmançıların istifadəsinə verilib. Bizim də əsas məqsədimiz odur ki, dövlətimizin bizə göstərdiyi diqqət və qayğıya cavab olaraq nəticələrimizi davam etdirək, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edək. Biz idmançılara olan etimadı yüksək səviyyədə doğruldaq.

Qazaxda 15 gün müddətində keçirilən təlim-məşq toplantılarının çox yüksək səviyyədə keçdiyini bildirən baş məşqçi istər idmançıların, istərsə də məşqçilərin böyük ruh yüksəkliyi ilə öz güclərini nümayiş etdirdiklərini qeyd edib.

Bildirib ki, təlim-məşq toplantılarının Qazaxda keçirilməsində əsas məqsəd güləşin bölgələrimzdə daha çox təbliğ olunmasını təmin etmək, yeniyetmələrimizi və gənclərimizi idmana cəlb etmək, güləşin kütləviliyini artırmaq idi. Şərt o deyil ki, həmin gənclər bu gün yığma komandanın tərkibində olub, yarışlarda iştirak etsinlər. Əsas odur ki, idmançılarımız, güləşçilərimiz, yeniyetmələrimiz, gənclərimiz sağlam əqidədə olsun və pis vərdişlərdən uzaq olsunlar. Dövlətimiz və cəmiyyətimiz üçün sağlam düşüncəli və əqidəli gənclər kimi yetişsinlər.

Digər məqsədimiz isə Qazaxda idman sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini çatdırmaq və rayonun sürətlə inkişaf etdiyini bütün dünya ictimaiyyətinə, xüsusilə də gələn qonaqlara göstərmək idi. Bundan əlavə, gənc və yeniyetmələrin, rayon idmançılarının bu təlim-məşq toplantılarında idmançların yarışlarını canlı olaraq izləmələrini və yararlanmalarını təmin etmək idi. Çünki Qazax tarixən idman sahəsində güləş məktəbinin beşiyi kimi tanınıb. Bizim də əsas istəyimiz gənc güləşçilərimizə bu imkanı yaratmaq idi ki, Dünya və Avropa çempionlarından, peşəkar güləşçilərdən sərbəst güləşin sirlərini dərindən öyrənsinlər. Milli komandanın məşqçisi Dünya çempionu Arif Abdullayevin, Avropa çempionu Zəlimxan Hüseynovun Qazaxda keçirilən təlim-məşq toplantılarında sərbəst güləşin sirlərini idmançılarımıza necə yüksək peşəkarlıqla öyrətdiklərinin şahidi olsunlar. Biz bu istəyimizə nail olduq desək yanılmarıq. Çünki təlim-məşq toplantıları zamanı hər kəs gəldi və məşq proseslərini canlı olaraq izlədilər.

F.Umudov təlim-məşq toplantıları zamanı onlara göstərilən diqqət və qayğıya görə istər komanda üzvləri, istərsə də öz adından başda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov olmaqla rayon rəhbərliyinə dərin minnətdarlığını bildirdi. İcra başçısının idmançılarla görüşməsini, eləcə də rayon rəhbərliyinin idmançılarla mütəmadi olaraq maraqlanmalarını, qayğı göstərmələrini yüksək qiymətləndirdi. Bu qayğının onlar üçün böyük stimul verdiyini və təlim-məşq toplantılarının uğurla başa çatmasında böyük rol oynadığını bildirdi.

Müsahibə zamanı F.Umudov növbəti birgə təlim-məşq toplantılarının avqustun 30-dan başlayaraq Bakı şəhərində davam etdiriləcəyini, Türkiyə, Hindistan və Türkmənistandan da komandaların iştirak edəcəklərini qeyd etdi. Bundan əlavə, Milli yığma komandanın Macarıstanda keçirilən Dünya çempionatından əvvəl Belarusiyada keçiriləcək Aleksandr Medvedin şərəfinə həsr olunmuş Beynəlxalq Qran-Pridə iştirak edəcəklərini də bildirdi. Sentyabrın əvvəlində keçiriləcək beynəlxalq Qran-Pridə iştirak edəcək idmançılarımıza yüksək nəticələr əldə etmələrini və ölkəmizin adını şərəflə təmsil etmələrini arzu edirik.

Məlumat üçün onu da qeyd edək ki, Milli yığma komandamız bu gün günorta saatlarında Bakı şəhərinə yola düşüblər.


















Geri qayıt