Əsas Səhifə > Olimpiya > Paris-2024: Maqomedxan bürünc medal uğrunda güləşəcək

Paris-2024: Maqomedxan bürünc medal uğrunda güləşəcək


10-08-2024, 20:55


Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün güləş yarışlarının son iştirakçıları mübarizəyə qoşulublar.

Azərbaycan millisinin iki sərbəst güləşçisi də xalçaya çıxıb. Onlardan Maqomedxan Maqomedov avqustun 11-də bürcün medal uğrunda qüvvəsini sınayacaq.

Sərbəst güləş
65 kq
Hacı Əliyev yarışa 1/8 finaldan başlayıb. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi meksikalı Ostin Qomes olub. Görüş idmançımızın qələbəsi ilə başa çatıb - 7:0. Əliyev 1/4 finalda İsmail Musukayevlə (Macarıstan) münasibətinə aydınlıq gətirib. Lakin qarşılaşmada rəqib 10:3 hesabı ilə qalib gəlib. Macar güləşçi isə yarımfinalda uduzduğundan Hacı Olimpiada ilə vidalaşıb.

97 kq
Maqomedxan Maqomedov da 1/4 finala vəsiqə üçün mübarizə aparıb. Dominikan Respublikası idmançısı Luis Migel Pereslə üz-üzə gələn güləşçimiz rəqibinə heç bir şans verməyib və 9:0 hesabı ilə qələbə qazanıb. Maqomedov ikinci qarşılaşmasında Zbiqnev Baranovski (Polşa) ilə qüvvəsini sınayıb. O, bu dueldən də üstün ayrılıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Maqomedxan yarımfınala yüksəlib. Güləşçimiz finala gedən yolda gürcüstanlı Givi Matçaraşvilini sınağa çəkib. Görüş rəqibin xeyrinə bitib - 5:0. Maqomedov sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Nikolas De Lanq (CAR) – Murazi Mçelidze (Ukrayna) görüşünün qalibi olacaq.

Qeyd edək ki, sərbəst güləş millimiz Paris-2024-ə altı güləşçi ilə yollanıb. Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) yarışı medalsız başa vurub, Giorgi Meşvildişvili (125 kq) 3-cü yer uğrunda görüşə çıxacaq.
Geri qayıt