Əsas Səhifə > Olimpiya > Dünya çempionatının Ulduz Elçisi Bakıdadır
Dünya çempionatının Ulduz Elçisi Bakıdadır13-03-2018, 15:53 |
İyunun 5-9-da Bakıda keçiriləcək BMX idmanı üzrə dünya çempionatı ilə əlaqədar, yarışın Ulduz Elçisi, holladiyalı idmançı Tvan van Gendt paytaxtımızdadır. Səfərin əsas məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının BMX yarışlarında gümüş medal qazanan hollandiyalı velosipedçi paytaxtımızı özü üçün uğurlu şəhər hesab etdiyini deyir: “2015-ci ildə Avropa Oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt qızıl qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Daha sonra Avropa çempionu və Dünya Kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, buliki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm”. Yarış trasında məşq yürüşləri həyata keçirən Ulduz Elçinin sözlərinə görə, hazırda BMX Treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurma işlərindən sonra texniki cəhətdən daha maraqlıdır. Paytaxtımızın gözəlliyi və milli mətbəximiz isə onu valeh edib: “Bakı həqiqətən çox gözəldir. Yeməklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacam. Öz şanslarıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Hollandiya yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançı var”. Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Red Bull” şirkətinin dəvəti ilə Bakıda olan Tvan van Gendt sınaq yürüşlərindən başqa bir neçə tanıtım videoçarxının çəkilişlərində iştirak etməklə yanaşı, yeniyetmə və gənc velosipedçilər üçün seminar da təşkil edəcək. Geri qayıt |