Əsas Səhifə > Olimpiya > Polislər arasındakı yarışların qalibləri mükafatlandırıldı
Polislər arasındakı yarışların qalibləri mükafatlandırıldı22-02-2018, 23:11 |
Аzərbаycаn pоlisinin 100 illik yubileyi ilə münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin təşəbbüsü ilə silsilə yarışlar davam etdirilir. DİN-in mətbuat xidmətindən bildiriblər ki, növbəti belə yarışlar nazirliyin İdmаn Cəmiyyətində qol güləşi və ağırlıq daşlarının qaldırılması üzrə təşkil olunub. Əvvəlcə Xocalı soyqırımının 26–cı ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova açılış mərasimindəki çıxışında bu gün Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu inkişaf kursunun müəllifi olan ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində digər sahələrlə yanaşı, idmana da yüksək diqqət və qayğı göstərib. Bu diqqət və qayğı ölkə idmanının sürətli inkişafına təkan verib. İdmana və idmançılara dövlət qayğısı siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ən mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Sonra İdman Cəmiyyətinin fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb. Polis əməkdaşları əvvəlcə nümunəvi çıxışları yerinə yetiriblər. Yarışlarda ərazi polis orqanlarını, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən qol güləşi yarışında Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndələri hakimlik ediblər. Komanda hesabında ilk üçlükdə Daxili Qoşunların Baş İdarəsi, Baş Mühafizə İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları qərarlaşıb. Şəxsi hesabda isə R.Muradov (70 kiloqram, BMİ), E.Paşayev (75 kiloqram, BMİ), S.Qədirov (80 kiloqram, Bakı ŞBPİ), R.Şirinov (85 kiloqram, Sumqayıt ŞPİ), R.Kubərov (90 kiloqram, DİN DQ) və Y.Şirinov (+90 kiloqram, Sumqayıt ŞPİ), sol qol üzrə isə C.Abbasov (BDYPİ) yarışın baş mükafatını qazanaraq çempion olublar. Ağırlıq daşlarının qaldırılması yarışında isə A.Allahverdiyev (70 kiloqram, DQ), E.Dövlətov (75 kiloqram, DQ), T.Məmmədov (80 kiloqram, DQ), C.Musayev (85 kiloqram, ƏÇPA), M.Hüseynov (90 kiloqram, DQ) və E.Cahangirov (+90 kiloqram, ƏÇPA) bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışların idarə olunmasında polis kapitanı Əlişan Tunc iştirak edib. Mükafatlandırma mərasimində çıxış edən İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olduğunu, polis idmançılarımızın təcrübələrinin ildən-ilə artdığını diqqətə çatdırıb. Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. (AZƏRTAC) Geri qayıt |