Əsas Səhifə > Müsahibə > "Hiss edirəm ki, gücüm tükənib, yorulmuşam"
"Hiss edirəm ki, gücüm tükənib, yorulmuşam"25-11-2017, 20:41 |
“Neftçi” ilə oyunda da məğlubiyyətlə barışan “Keşlə”nin kapitanı Nizami Hacıyev matçdan sonra əməkdaşımızın da suallarını cavablandırıb. - Sizin əvəzlənməyinizdən sonra sanki komanda oynamağa başladı... - Yəqin mane oluram, artıq getmək vaxtıdı. - Bunu kimsə dedi, yoxsa özünüz belə düşünürsüz? - Yox, bunu mənə kim deyə bilər? 8 il bu komandanın şərəfini qorumuşam və heç kim deyə bilməz ki, hansısa oyunda başqa hərəkətə yol vermişəm. Aydın məsələdi, top itkiləri ola bilər. Böyük futbolçular belə, oyun zamanı topu itirirlər. - Bəs əvəzlənməyinizə səbəb nə idi? - Bilmirəm. Baş məşqçidi, işini görür. Onun işinə qarışmaq istəmirəm. Neçə dəqiqə oynamağa imkan verirsə, o qədər də mübarizə apardım. Özümü sübut etməli idim. Yəqin meydanda olduğum dəqiqələrdə bunu bacarmadım və baş məşqçi dəyişiklik etmək qərarına gəldi. Normal qarşılayıram. - Bəlkə fikrin, doğrudan da, gedəcəyin yerdədi? Adətən yol üstə olanda insan fikrini bir yerə cəmləşdirə bilmir... - Bugünkü oyunda gedib-getməyəcəyimi fikirləşmirdim. Hər zaman məşğul olduğum işə 100 faiz konsentrasiya olmağa çalışıram. Getmək deyəndə ki, bir çempionat, iki kubok oyunum qalıb. Bu matçlardan sonra qərarımı verəcəm. Nəyisə dəyişmək lazımdı. Demək olar, yorulmuşam. - Amma klub müqavilənizin mövsümün sonuna qədər olduğunu və gedəcəyiniz təqdirdə, kompensasiya ödəniləcəyini deyir... - Elə deyil. Daxili müqaviləmiz dekabrın 31-də, PFL-ə təqdim edilən anlaşmam isə mayın 31-də başa çatacaq. Klubdan məktub verilib ki, ikitərəfli razılıq əsasında müqaviləmi poza bilərik və yanvarın 1-də başqa komandaya keçməyimə etiraz etmirlər. Bu məktuba görə, klub rəhbərliyinə təşəkkür edirəm. Onlar mənim pulsuz-parasız getməyimə şərait yaradırlar. Gedib-getməyəcəyim hələ sual altındadı. - “Neftçi” ilə müqavilə imzalamısızmı? - Hələ anlaşma yoxdu. Ancaq razılıq var, şərtlər müzakirə olunur. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək. - Bəs “Keşlə”nin aqibəti necə olacaq? Komanda uduza-uduza gedir, autsayder statusundan qurtula bilmir. Futbolçularda da istək yoxdu. Bugünkü oyun da göstərdi ki, sanki meydana məcburiyyətdən çıxıblar... - Bizim vəziyyətdə ola-ola mübarizə aparmaq çox çətindi. Hər şey pulla, imkanla bağlı deyil. Bəzən görürsən ki, istəsən də, işlərin alınmır. Onda nəyisə dəyişmək lazım gəlir. - Bəlkə baş məşqçi ilə bağlı verilən qərar futbolçuları narazı salıb? Çünki Zaur Svanadze də çətin günlərdə “Keşlə”ni yalnız buraxmadı və haqsız olaraq, sonda komandadan qovuldu... - Svanadzenin gedişi və Ramiz Məmmədovun gəlişi komandada problem yaratmadı. Hər məşqçinin öz iş planı, oyuna və futbolçulara yanaşma tərzi var. Problem bununla bağlı deyil. Sadəcə, düşünürlər ki, artıq tükəniblər. Şəxsən mən də özüm haqda belə düşünürəm. Hiss edirəm ki, gücüm tükənib, yorulmuşam. Mühiti dəyişmək və bu dəyişikliyin həyatıma da müsbət təsir etməsini istəyirəm. 8 il bu komandada çıxış etmişəm və çox əziyyət çəkmişəm. Onun 5 ilini xoşbəxt olmuşam, son 3 ildə isə bədbəxt olduğumu demək istəmirəm. Təkliflərim olub, amma imtina etmişəm. “İnter” mənim üçün önəmli komanda olub. Gözümü açıb, bu komandanı görmüşəm. Zabratda “Xəzər Universiteti” adlanan dövrdən tutmuş “İnter” və indi “Keşlə” adı ilə yarışan komanda ilə böyümüşəm. Arzum bu komandada oynamaq olub. Buna nail oldum və son 3 ildə isə kapitan sarğısını daşıdım. Hansısa irəliləyişə nail olmaq üçün dəyişiklik etməyə ehtiyac var. - Formanızın üzərində hələ də “İnter”in loqosu qalır. Bu, yeni adı qəbul etməməyinizlə bağlıdı? - Rəhbərliyin qərarına qarşı çıxacaq statusa sahib deyiləm. Bu, peşəkarlığa da sığmır. Bu formadan iki ədəddi – birində “Keşlə”nin, digərində “İnter”in loqosu var. “İnter” hər zaman qəlbimdə olacaq. Bunu hamı bilir ki, “İnter”ə bağlıyam. Həyatımda çox şeyə nail olmuşam və bunda klubun əməyi böyükdü. - Hamı “Neftçi”yə keçəcəyinizi gözləyir. Hansısa sürpriz yaşana bilərmi? - Əlbəttə, hər şey ola bilər. Bu, təklifdən asılıdı. Bir həftə gözləmək lazımdı. Kubok oyunlarından sonra hansı komandaya keçəcəyim bilinəcək. - “Qarabağ”, “Qəbələ” və “Zirə” namizədlər arasında varmı? - Bu klubların heç biri ilə danışmamışam. Onlardan təklif almamışam. Sabah başımıza nə gələcəyini bilmirik, ona görə də, həyatda hər şey mümkündü. Xaricə getməyim real deyil. 29 yaşım var və bundan sonra gedib özümü kiməsə sübut etməyim gecdi. Konkret təklifim var. Niyə də dəyərləndirməyim? apasport Geri qayıt |